“...doyunca öpəmmədiyim
ala gözlər, qara gözlər ...”
SOĞAN ACISI
Soğan soya-soya ağlayan qadın,
ömrün soğan kimi acıdı, acı.
Mələksən, qırılıb qolun-qanadın,
dərdi verən Allah vermir əlacı.
Gözündən süzülən yaşı kim silər?
«Göz yaşı» dediyin nədi?
Acı su.
Bir şirin öpüşlə başlar sevgilər,
Sonunda həmişə soğan acısı.
O öpüş yandırmaz dodaqlarını,
soyuyub od dolu o qucaq indi.
Sayar bircə-bircə barmaqlarını
hər gecə yuduğun qabqacaq indi.
Gələr «ər» dediyin hər gecəyarı,
bir qaşıq xörəyin baxmaz dadına.
Yuxuda dilindən qopan adların
biri də bənzəməz sənin adına…
Soğan soya-soya ağlayan qadın,
gözünün yaşını silə bilmərəm.
Neyləyim, mən sənə özgəyəm, yadam,
neyləyim, yanına gələ bilmərəm.
Bir sevgi gəzirəm dünyada mən də,
O sevgi hardadı?
Bilmirəm ancaq.
…Kim soğan soyacaq mənim evimdə,
Soğan soya-soya kim ağlayacaq?!..
***
Torpaq örtdü hər şeyi;
yollar, izlər örtüldü.
Axtarıb-axtarıb tapammadığım,
Tapanda doyunca öpəmmədiyim
ala gözlər, qara gözlər örtüldü.
Şairlərin neçəsini azdırıb,
Cavanını, qocasını azdırıb,
dünyada tək mənim şair bəxtimə
düşən sözlər örtüldü, –
torpaq örtdü hər şeyi.
Bu nə torpaqdı, Allah?!
Ürəyimin başından
qabardı-qalxdı, Allah.
Bir ah çəkdim, ahımdan səpələndi,
qəbir kimi təpələndi üstümdə.
Uddu, uddu, uddu bu torpaq məni;
Nə vətəndə, nə qürbətdə,
Nə şəhərdə, nə kənddə,
Uzaqda yox, yaxında, lap yaxında,
Ürəyimin torpağında
basdırdı Allah məni, –
Torpaq… torpaq… torpaq örtdü hər şeyi…
Son xəbərlər
Son Xəbərlər