“O şilləni vurmaq lazımdır ki, öz yerlərini bilsinlər”

o-silleni-vurmaq-lazimdir-ki-oz-yerlerini-bilsinler-
Oxunma sayı: 783

Azərbaycan Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli “Azadlıq” qəzetinə müsahibə verib. Həmin müsahibəni “Qafqazinfo”nun oxucularına təqdim edirik:

- Cəmil bəy, Rüstəm Ibrahimbəyova hakimiyyətin hücumları səngimək bilmir. Ötən həftə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun əvvəlcə həmin qəzetdə “Özününkilərin arasında özgə” adlı geniş müsahibəsi getdi, ötən şənbə isə həmin müsahibə rus dilinə tərcümə edilib “Zerkalo” qəzetində çap edildi.

- Hazırda Rüstəm bəy Bakıda yoxdur və biz onun haqqında yazılanları diqqətlə izləyirik. Mən həm “Kaspi”, həm “Yeni Azərbaycan” qəzetində gedən yazılardan məlumatlıyam. Düzünü deyim ki, bir müddət əvvəl “Yeni Azərbaycan”da “Siz kimsiniz, Rüstəm Ibrahimbəyov?” adlı ittiham xarakterli bir yazı getmişdi və həm Rüstəm bəy, həm mətbuat həmin yazıda irəli sürülən ittihamları sözün tam mənasında ifşa etdilər. Bundan sonra həmin böhtanları yazan qəzet mətbuat etikasına hörmət edib haqqında böhtan yazdığı şəxsdən üzr istəməli idi. Mən Mətbuat Şurasının üzvü kimi bunu praktika da dəfələrlə görmüşəm. Lakin təəssüf ki, bu baş vermədi. Əvəzində isə Rüstəm Ibrahimbəyova və bütün ziyalılara dərs vermək məqsədi daşıyan yeni bir yazı çıxdı. Mətbuatımızın banisi Həsən bəy xəbərdarlıq edirdi ki, hər vilayətin qəzeti, gərək o vilayətin aynası olsun. Təəssüf ki, firqə maraqlarını ümummilli maraqlardan üstün tutan “Yeni Azərbaycan”ın aynasında yalnız öz çəkdikləri şəkilllər, gerçəklik yox, öz arzuladıqları mənzərə əks olunur. Bu halda qəzet oxucusunu da, onun inamını da itirməlidir. Təsəvvür edin ki, 600 min üzvü olan hakim bir partiyanın orqanının saytına gün ərzində aşağı-yuxarı 60 oxucu girir.
Bu “Yeni Azərbaycan” üçün düşündürücü bir məsələdir və qəzet Rüstəm Ibrahimbəyov kimi tanınmış bir fikir adamına böhtan atmaqdansa, xalqdan uzaq düşməyinin səbəblərini araşdırmalıdır. Siz deyirsiniz ki, H.Babaoğlunun bu müsahibəsi tərcümə edilib “Zerkalo”da verildi. Yox elə deyil, bu və bundan əvvəlki “Siz kimsiniz, Rüstəm Ibrahimbəyov?” yazısının əsli rus dilində olub, məhz “Yeni Azərbaycan”da gedən materiallar rus dilindən tərcümə olunub. Bu müsahibəni rus dilində kimin hazırlaması barədə bizim məlumatımız var və hələlik bunu açıqlamağı lazım bilmirik.

- Bunu necə müəyyən etmək olar?

- Bunu müəyyən etmək çox sadədir. Məsələn, adı çəkilən birinci yazıda “Q.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina”dan söhbət açılır. Qələmə aşina olan bütün Azərbaycandillilər yaxşı bilir ki, o küçə Qasan Seyidbəyli deyil, Həsən Seyidbəli küçəsidir. Sadəcə olaraq yazını tərcümə edən bir az “səhlənkarlığa” yol verib. Hikmət Babaoğlunun müsahibəsinə gəldikdə bu müsahibə də rus dilindən Azərbaycan dilinə tərcümə edilib. Diqqət edin burada hansı ifadələr var: "metodların kokteyli", "substansiya", “kakofoniya”, “psixomatik”, “identiklik”, “bizə yeni günə əminlik hissi” və sair. Azərbaycan dilinə yad olan bütün bu ifadələr hamısı yalnız bir müsahibədədir. Axı Azərbaycan dilli müsahib çox rahat “sabaha əminlik hissi” deyə bilərdi. Əgər Siz Babaoğlunun bu müsahibəsinə qədər onun bütün jurnalist yaradıcılığını və rəhbərlik etdiyi qəzetin bütün nömrələrini izləsəniz, bu ifadələrin birinə də rast gəlməzsiniz. Bilmirəm, bəlkə öz müsahibəsində dediyi kimi “London simfonik orkestrinin” Qəbələdə səsləndirdiyi əsrarəngiz musiqini dinləmək həvəsi Hikmət bəyin dilini də dəyişib, amma həmin musiqinin sədaları altında Qəbələnin ətraf kəndlərində və Azərbaycanın minlərlə yaşayış məntəqələrində evlərinə eşşəklə su daşıyan insanların məişətində və yaşayışında elə bir ciddi dəyişiklik hiss edilmir. Ona görə də Rüstəm Ibrahimbəyova qarşı mübarizənin mərkəzi “Yeni Azərbaycan” deyil, Azərbaycan hakimiyyətinin rus dilində yazan, rus dilində düşünən və hətta, yuxuda da rusca sayığlayan daha yuxarı təbəqəsidir. Onlar Rüstəm bəyi rus dilli olmaqda günahlandırırlar və bu səbəbdən onu “Özününkilərin arasında özgə” hesab edirlər. Axı siz bu ittihamı kimə deyirsiniz ki, Azərbaycan hökumət kabinetinin yarıya qədər Azərbaycan dilini məişət səviyyəsində belə bilmir. Hazırda Azərbaycanın yüksək çinli məmurlarının xeyli hissəsi latın əlifbası ilə yazıb oxumağı bacarmır. Əgər dil bilməməyə görə adam “Özününkilərin arasında özgə” olursa, onda məzkur hökumətimizin ən azı yarsının rəhbərlik etdiyi millətə heç bir dəxli yoxdur. Adam şüşə evdə oturub başqasına daş atmaz. Hikmət Babaoğlu müsahibəsində Rüstəm haqqında deyir ki, “maraqlıdır, görəsən, o, yerli insanlarla ünsiyyəti hansı dildə qura bilərdi”. Əlbəttə, Azərbaycan dilini bilmək konstitusion borcu olan bir çox nazirlərimiz, yüksək çinli məmurlarımız, komitə sədrlərimiz yerli insanlarla bu ünsiyyəti hansı dildə qura bilirlərsə, Rüstəm də elə həmin dildə qura bilər. Buna görə narahat olmağa dəyməz.
Yeri gəlmişkən dil məsələsi ilə bağlı H.Babaoğlunun səsləndirdiyi eyni məzmunlu ittihamlar ötən əsrin 50-60-cı illərində böyük bəstəkar Qara Qarayevə qarşı da irəli sürülmüşdü. Amma zaman sübut etdi Q.Qarayev öz təkrarsız sənəti ilə bütün dillərdə danışa bilir.

- Qeyd edilən müsahibədə “Yeni Azərbaycan”ın baş redaktoru Rüstəm İbrahimbəyovun uğurlarını Sovet totalitarizmi ilə əlaqələndirməyə çalışır və deyir ki, əvvəllər onun xeyrinə işləyən totalitar sovet təzyiq mexanizmi indi yoxdur.

- Bunu ancaq Rüstəmin yaradıcılığından və onun keçdiyi sənət yolundan bixəbər adamlar deyə bilərlər. Şübhəsiz ki, Rüstəm Sovet dövründə böyük uğurlar qazanıb, amma, eyni zamanda Sovet totalitarizminin ağırlığını da öz çiyinlərində çəkib. Bunun üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ötən əsrin 70-ci illərində keçirilmiş plenumlarının materiallarına baxmaq yetərlidir. Rüstəmin ssenari müəllifi olduğu “Bir cənub şəhərində” filmi haqqında Dövlət Təhlükəsizliyi Komitəsinin 5-ci idarəsinin müxtəlif yüksək partiya və dövlət orqanları ilə yazışmaları filmin ssenarisindən və həmin ssenarinin əsasını təşkil edən “9-cu Xrebtovidə” povestinin həcmindən qat-qat artıqdır. Təkcə bir “Ezamiyyətdə” hekayəsi “formaca milli, məzmunca sosialist” olan ədəbi tənqidin- həm də yalnız ədəbi tənqidin deyil -əsəblərini necə tarıma çəkmişdi. Ötən əsrin səksəninci illərində S.Vurğun adına Rus Dram Teatrının səhnəsində yeni qoyulan “Ultumatum” pyesi niyə üstüörtülü formada teatrın səhnəsəndən yığışdırıldı, niyə repertuardan çıxarıldı? Axı bu əsər həmin dövrdə ya əvvəlində, ya da sonunda söyüşlə zikr edilən “Musavat” sözünü Sovet totalitarizmi şəraitində ilk dəfə ictimai müzakirəyə gətirmişdi. Indi “Ultumatum”un müəllifinin “totalitar sovet təzyiq mexanizmi”ndən bəhrələndiyini demək sadəcə olaraq tarixi keçmişimizə sayğısız münasibətin təzahürüdür. Mən ötən əsrin 80-90-cı illərində Azərbaycan Xalq Cümhuriyyəti tarixindən doktorluq dissertasiyası işləyəndə Cümhuriyyət parlamentinin qovluqlarına edilmiş bəzi qeydlərdən heyrətə gəldim. 1926-1927-ci illərdə bu qovluqlardan həmin dövrün tarixçiləri kimi Raevski və Ratqauzer istifadə etmişdilər, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində isə Rüstəm Ibrahimbəyov. Məhz, “Ultumatum” həmin qovluqlardan teatr səhnəsinə gəlmişdi və Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında əsl həqiqəti ortaya qoymuşdu. Baxınız, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri ötən əsrin 80-ci illərində Rus Dram Teatrının səhnəsindən öz tamaşıçılarına 1920-ci ildə Tiflisdən göndərilmiş hansı teleqramın mətnini oxuyur: “Gürcüstan parlamenti və hökuməti adından qardaş Azərbaycan xalqını Avropa xalqları ailəsinin tamhüquqlu üzvü olması münasibətilə təbrik edirik. Qoy bu təntənə bizim xalqlarımızın birlik niyyətini gücləndirsin, müstəqil yaşamaq uğrunda yeni mübarizədə qüvvəsini və iradəsini artırsın. Yaşasın Azərbaycanın azad xalqı”. Ölkəmizin yaxın keçmişində, geniş kommunizm quruculuğu dövründə çoxları Stepan Şaumyanı promteylərdən od alan qəhrəmanlara bənzədəndə, bu gün hakim rejimin “Özününkilərin arasında özgə” hesab etdiyi Rüstəm Ibrahimbəyov milli ləyaqət anlayışını ortaya qoyaraq yeni formalaşmaqda olan milli ziyalılarımızın zəfər və faciəsini, onların milli tariximizdə və taleyimizdəki önəmli yerini cəmiyyətə təqdim etdi. Bunlar hamısı ictimai fikir tariximizin unudulmaz səhifələridir və hamının, o cümlədən yeni azərbaycanlıların da bunları bilməsində fayda vardır. Bu gün Sovet ideologiyasının qəlibinə sığışdırılmış keçmişimizə baxanda, elə də çox olmayan “Ultumatum” kimi nümunələr milli diriliyimizin közərən işıqları, var olma nişanələridir. Sovet totaltarizminin tüğyan etdiyi, böyük yazıçımız Əkrəm Əylislinin dediyi kimi “KQB-in böyük hərflə, Allah sözünün isə kiçik hərflə yazıldığı” bir dövrdə Rüstəm “Ultumatum” pyesində Azərbaycan parlamentinə sədrlik edənin (doktor Həsən bəy Ağayevin) dilindən deyirdi ki, vətəndaş deputatlar, icazə verin, Zəngəzurda daşnak bandalarının müsəlman əhalisini qırması barədə məlumatı oxuyum. Yaxud, pyesin sonunda yenə iclasa sədrlik edənin sözlərinə diqqət yetirin:"Vətəndaş deputatlar, Sizin təsdiqinizə görkəmli bəstəkarın yazdığı, respublikanın himnini təklif edirəm. Qoy bu nəcib səslər əsrlər boyu doğma Azərbaycanın azadlığını və müstəqilliyini vəsf etsin". Indi belə şeylər demək və yazmaq, mənasızcasına filosofluq etmək çox asandır. Amma bu sözləri Rüstəm 1982-ci ildə yazmışdı və həmin sözlər elə həmin ildə çox yox, bir-iki dəfə Bakıdakı Rus Dram Teatrının səhnəsində səslənmişdi. Indi yeni azərbaycanlılar Rüstəmin millətimizin fikir tarixindəki böyük roluna məhəl qoymadan, onun totalitar rejimə ünvanladığı “Ultumatumu”u rahatca unudaraq, çox asanlıqla onu “Özününkilərin arasında özgə” hesab edib, ədəbsizcəsinə bu böyük sənət adamına “Siz kimsiniz, Rüstəm Ibrahimbəyov?” ultumatumunu verirlər.

Əlbətdə, Rüstəmin kim olduğunu bütün dünya bilir, Rüstəmin kimliyi “Bir cənub şəhəri”ndən keçib, “Ezamiyyətdə” möhkəmlənib, “Ultumatum” nəticəsində “Qış gecəsi”nin “Dar ağacı”ndan asılıb və “Bizim tində” pusquda dayanıb peşəsi oğurluqdan ibarət olan “Siçovul”ları “Cəlil sayağı” ifşa edib. Bəlkə, yaxşı olar ki, siz öz kimliyinizi qoyasınız ortalığa? Içində “London simfonik orkestrinin” əsrarəngiz musiqisini dinləmək həvəsi olan bir adam, gərək, dünyanın 100-dən artıq teatrını fəth etmiş “Şirə bənzəri” yaxşı tanıya və onun kimliyi haqqında mənasız suallar verməyə. Rusların yaxşı bir ifadəsi var:"znak natsii". Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Anar, Rüstəm kimi adamlar milli əlamətlər, R.Hüseynovun təbiricə desək, millətin zərrələridirlər.

Bu qəbildən elə də çox olmayan söz, fikir və sənət adamlarımızın kimliyini şübhə altına almaq sadəcə olaraq ədəbsizlikdir.

- Amma təəssüf ki, Sizin gətirdiyiniz bu nümunələrin çoxunu bu gün Rüstəm bəyin əleyhdarları görmək istəmirlər.

- Ona görə Rüstəmin vaxti ilə bir ssenarisi var idi: “Vurulmayan şillə”, görünür o şilləni nəhayət vurmaq lazımdır ki, adamlar öz yerlərini bilsinlər. Rüstəm kimi öz sənəti, öz varlığı və öz intellekti ilə cəmiyyəti irəli aparan, milli diriliyimizin dayaq nöqtəsinə çevrilmiş bir adamla “Çayka” söhbəti etmək mənəvi aşınmanın açıq təzahürüdür. Rüstəm daim yaradıcılıq axtarışında olan bir insandır. Baxın “bəhrələndiyi totalitar sistem” dağıldıqdan sonra o, nələrə nail oldu. Rusiya kimi böyük bir dövlətin nə az, nə çox dörd dəfə dövlət mükafatını alıb Rüstəm. Azərbaycanın Xalq Yazıçısı, Kann festivalının Qran-pri mükafatı, “Oskar” və Amerika Kino Akademiyasının üzvü, Avropa kino akademiyasının üzvü, Azərbaycan Ziyalılar Forumunun yaradıcısı və onlarla digər diqqətəlayiq uğurlar. Bu gün hakimiyyət Rüstəmi gözdən salmaq üçün bütün iyrənc üsullara əl atır. Baxın, məşhur polyak rejissoru Zanussinin müsahibəsinə necə senzura tətbiq edildi. Axı bu rüsvayçılıq idi və bu səbəbdən böyük rejissorun bizə sadəcə olaraq gülməyi gəldi. Hazırda Azərbaycan hakimiyyətinin nəzarətində olan mətbuat və informasiya vasitələri şər, böhtan, zorakılıq üsulları ilə bu böyük fikir adamına qarşı Lincləmə əməliyyatları həyata keçirirlər. Bütün bunlar bir vaxtlar Sovet DTK-nın Rüstəm haqqında, ona mane olmağın üsulları haqqında hazırladığı gizli təlimatlardan daha rüsvayçıdır. Görünür, bəziləri Rüstəmlə zarafat etməyin ictimai, mənəvi nəticələrini, zaman və tarix qarşısında məsuliyyətini axıra qədər dərk etmirlər. Bundan əlavə “Yeni Azərbaycan”da Rüstəm bəyə qarşı gedən yazılarda çox ciddi səhvlərə yol verilir, hakimiyyətin adından ziyalılara meydan oxunur.

- Yəqin ki, müsahibə də yer almış dövlətin zor aparatı funksiyasını yerinə yetirməsi fikrini nəzərdə tutursunuz?

- Bəli, məhz elə onu nəzərdə tuturam. Bu baxımdan hakim partiyanın mərkəzi mətbuat orqanına başçılıq edən bir adamın dilindən bu fikirlərin ifadə olunması hazırkı hakimiyyətin mahiyyəti, dövlət haqqında bu dar düşüncəli adamların təsəvvürləri ilə bağlıdır. Məsələn, müsahibədə deyilir: "gəlin unutmayaq ki, dövlət hər şeydən əvvəl zor aparatıdır və bu zor həyata keçirilməzsə, bizim bütün həyatımız tam bir dəhşətə çevrilər". Bilirsiniz, dövlətə zor aparatı kimi baxmaq orta əsrlərin müstəbid dövlətləri üçün nəzərdə tutulmuşdu. Hətta bu müddəanı nəzəri cəhətdən əsaslandıran marksist ideologiya dövlətin zor aparatı olması haqqında nümunələri orta əsrlərin feodal dövlətlərinin həyatından gətirirdi. Almaniya kansleri Bismarkın yaxşı bir fikri var idi: süngü ilə hakimiyyətə gəlmək olar, lakin süngü üzərində uzun müddət oturmaq olmaz. Bu adamlar anlamırlar çağdaş dünyanın ümumi rifah cəmiyyətlərində dövlət zor funksiyasını yerinə yetirmək rolunu çoxdan itirib, azad, ədalətli, demokratik yolla formalaşdırılan dövlət orqanları cəmiyyətin bütün təbəqələrinin maraqlarını harmonik şəkildə ifadə edir. Yeni azərbaycançılar bu zor olmazsa “bizim bütün həyatımız tam bir dəhşətə çevrilər” deməkdə haqlıdırlar. Çünki onların mövcudluğu bu zorun üzərindədir, dövləti zülm aparatına çevirib xalqı hakimiyyəti formalaşdırmaq haqqından məhrum etmək ancaq zora dayanan totalitar cəmiyyətlərdə mümkün ola bilər. Baş redaktorun siyasi hakimiyyətin ətrafını “minalanmış sahə” elan etməsi və bu sahəyə ayaq basmaq fikrində olanlara “öz həyatınızı riskə atırsınız” xəbərdarlığı Azərbaycan hakimiyyətinin feodal qaydaları ilə idarə olunduğunun əyani təsdiqidir. Biz hakimiyyətlə düşmənçilik etmirik, biz yalnız millətimiz üçün faydalı hesab etdiyimiz şeyləri deyirik ki, bir para harınlamış idarəçilərimiz, qudurmuş məmurlarımız bu xalqa hörmətlə yanaşsın.

Hikmət Babaoğlunun xəbərdarlığındakı “riskin dərəcəsinə” gəldikdə isə eyni ilə həmin hədələri Misirdə, Liviyada Tunisdə hakim partiyaların mərkəzi orqanlarının başçılarından dünya çox eşitdi və hazırda Bəşər Əsədin “baş yazarı”ndan da eşitməkdədir. Gəlin bizi hədə ilə qorxutmayın və biz bu hədələri çox görmüşük. Biz heç kimə dövləti necə idarə etməyi öyrətmək fikrində deyilik, amma 20 ildir ərazisi işğal olunmuş bir ölkənin 20 metr ərazisinin işğaldan azad edilməməsi səbəbini soruşmaq haqqına malikik və bu haqqı bizim əlimizdən heç kim ala bilməz. Britaniya parlamentinin mötəbər bir qurumu bəyan etdi ki, son illərdə Azərbaycandan oğurlanmış 48 milyard dollar vəsait Panamaya keçirilib. Azərbaycanlıların çoxu heç Panamanın harada olduğunu bilmir və digər bir hissəsi də Panamanı “Şlyapa” anlamında qəbul edir. Millətin başına bu boyda “Panama” keçirirsiniz və siyasətlə məşğul olmağı riskli addım hesab edirsiniz. Biz yaxşı bilirik ki, 48 milyard vəsaiti oğurlanan bir ölkədə söz demək, millətin haqların dilə gətirmək, hakim rejimi ölkə konstitusiyasına əməl etməyə dəvət etmək elə də asan məsələ deyildir. Lakin bizim hər hansı siyasi istəklərimiz olmasa da, sözümüzü deməyə qərarlıyıq. Dünyada hansı oğurluq, korrupsiya qalmaqalını araşdırırlar oradan Azərbaycanın adı çıxır. Hikmət Babaoğlu isə bəyan edir ki, “ölkəni modernləşdirmək üçün bizə peşəkar intellektuallar gərəkdir”. Ideya kimi pis ideya deyil, lakin hansı xaricdə oxuyan intellektual Azərbaycana qayıdır. Sənin rəhbərlik etdiyin qəzetin saytına gün ərzində 50-60 adam girirsə, hansı iddia ilə intellektuallara söykənən dövlət qurmaq istəyirsən?. Azərbaycan bu gün korrupsiyanın səviyyəsinə görə dünyada ön yerlərdən birini tutur və bu göstərici ölkəni “peşəkarcasına” talan etməyin aydın ifadəsi deyilmi? Gündə mətbuatdan oxuyuruq, hansısa qoçu dəstəsi hansısa zavoda, hansısa müəssisəyə hücum edib oranı yerlə yeksan edib. XXI əsrdə sizin qurmaq istədiyiniz modern dövlətin mahiyyəti hələ ki, bundan ibarətdir. Bütün bunları müşahidə etdikcə həbsdə olan Hilal Məmədovun yazdığı meyxanadan “Yeni Azərbaycan” qəzetinin gətirdiyi iqtibas və ona etdiyi əlavə ilə bu müsahibəni yekunlaşdırmaq istəyirəm: bəs “Tı kto takoy?” Və özünü nə hesab edirsən?"
Ziyalı Forumunda birləşənlər həmişə bəyan ediblər ki, onlar özlərini təmsil edirlər və bu təmsiliçilik üçün yetərli dərəcədə şəxsi keyfiyyətlərə malikdirlər. Bəs sən kimi təmsil edirsən?
Bax, “metodların kokteyli”ndən "substansiya" olunmuş əsl “kakofoniya” budur.