Onlara Prezidentin fərdi təqaüdü verildi

onlara-prezidentin-ferdi-teqaudu-verildi
Oxunma sayı: 3986

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qurbanova Firəngiz Ağa Dadaş qızı və Rüstəmov Akif Zabi oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, kino rəssamı, animasiya rejissoru Firəngiz Qurbanova “Birlik” animasiya studiyasının rəhbəridir.

O, 12 mart 1943-cü ildə Bakıda anadan olub. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. bədii filmlərin quruluşçu rəssamıdır.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülüb.

O, aktyor Ağadadaş Qurbanovun qızı, mərhum Xalq artisti Gülşən Qurbanovanın bacısıdır.

Rejissor, ssenarist Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub.

“Azərbaycanfilm” kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.