“Onların planlarını da dağıtdıq…”

onlarin-planlarini-da-dagitdiq
Oxunma sayı: 619

“Onilliklərlə bizə qarşı tətbiq olunan ikili standartlar siyasətinə, bizim ərazimizdə total etnik təmizləmələr və vəhşiliklər, insanlığa qarşı cinayətlər, hərbi cinayətlərin baş verməsinə baxmayaraq, biz görürdük ki, işğalçı heç bir təzyiqə məruz qalmadı”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda tədbirdə sabiq xarici işlər naziri Tofiq Zülüqarov bildirib.

O qeyd edib ki, həmin fəliyyətə bu və ya digər vasitələrlə - Rusiya silahla, Qərb isə maliyyə və siyasi baxımdan dəstək verdi. Bu isə işğalı davam etmək üçün demək olar ki, şərait formalaşdırdı: “Amma 2020-ci ildə biz gördük ki, Azərbaycan dövləti, Prezidenti və onun siyasəti nəticəsində Azərbaycan artıq beynəlxalq qanunlara, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq işğalçıya cavab vermək hüququndan istifadə etdi və işğalı, onun qalıqlarını Azərbaycandan rədd etdi. Həmin o dövrdə də cənab Prezident dəfələrlə deyirdi ki, bizə qarşı müxtəlif siyasi təzyiqlər, cəhdlər var idi. Xüsusən də Fransa çalışırdı ki, bu məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarsın, bizə qarşı qətnamələr irəli sürsün. Biz görürük ki, artıq bu sistem Azərbaycan dövləti tərəfindən demək olar ki, dağıdıldı. Suverenliyimizə qarşı yaradılan bu beynəlxalq sistem artıq Azərbaycan ərazisindən rədd oldu”.

T.Zülfüqarov əlavə edib ki, böyük oyunçular müxtəlif vasitələrlə bizə qarşı müxtəlif planlar həyata keçirməyə çalışırdılar: “Çalışırdılar ki, orada qeyri-qanuni, Ermənistan tərəfindən yaradılan quruma hansısa münaqişə tərəfi statusu versinlər ki, bu prosesi davam etsinlər. Biz gördük ki, dərhal Rusiya bu prosesə qoşuldu və orada öz sülhməramlılarını yerləşdirdi. Yəni bir ocaq yaratmaq istəyirdilər ki, orada separatçı aktı ilə əslində qalsa irredentist bir qurum Azərbaycana qarşı öz fəaliyyətini davam etsin.

Bu hadisələrə təzədən qiymət verməyə təbii ki, ehtiyac yoxdur. Çünki siz media işçiləri bu proseslərin içində idiniz və bunları yaxşı dərk edirsiniz. İndiki mərhələdə mən bir məsələyə toxunmaq istəyərdim. Prezidentin vaxtilə səsləndirdiyi fikri xatırlatmaq istəyirəm. Yadınıza gəlirsə, o, qələbə barəsində danışanda deyirdi ki, bizə qarşı təkcə işğalçı yox idi. Onların arxasında dayanan böyük qüvvələri, onların planlarını da dağıtdıq… Bu deməkdir ki, dünyada olan bəzi qlobal qüvvələrin balaca ölkələrə qarşı tətbiq olunan konflikt menecmenti, yəni konfliktlə idarə etmə sistemi sıradan çıxarıldı”.

Gülnar Əliyeva