Onlarsız 40 gün...

onlarsiz-40-gun
Oxunma sayı: 648

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan 6 hərbçimizin şəhadətindən 40 gün keçir.

"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgərlər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.

Şəhid olmuş hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan 1988-ci il təvəllüdlü Zülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19 fevral 2012-ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. 

Baş leytenant Tural Həşimli da yeni ailə qurmuşdu və o da dünyaya göz açacaq övladını görmədən həlak oldu. Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun, Dırnış kəndində dünyaya göz açıb. Şəhidimiz doğulduğu yerdə də dəfn olunub. 

Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Şəhid mayorumuzun 3 övladı var. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn olunub.

Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz əsgər Zakir Cəfərovdur. Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub. O, döyüş vaxtı yaralı komandirini döyüş meydanından çıxarmaq istəyərkən şəhid olub. 

Həmin gecə yaralanan və sonradan şəhid olan Elvin Əhmədov 1997-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Şəhidin məzarı anadan olduğu kənd qəbiristanlığındadır.

Qeyd edək ki, şəhidlərin hamısı ötən ilin oktyabr ayında təsis olunan “Şücaətə görə” medalı ilə təltif olunub.