“Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər uğurlu olub”

oten-dovr-mehkeme-hakimiyyeti-ucun-de-kifayet-qeder-ugurlu-olub
Oxunma sayı: 368

“Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində sistemli islahatlar həyata keçirilib, milli maraqlara əsaslanan ardıcıl siyasət təmin olunub, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxşı zamanı deyib.

O bildirib ki, təsadüfi deyil ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə tarixi qələbəmizin beynəlxalq müstəvidə təsdiqi kimi qiymətləndirilir. Bu sənəd regionda davamlı sülhün möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə mühüm töhfə verəcək.

Sədr deyib ki, eyni zamanda ötən ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, mahiyyət etibarilə, həm də ölkəmizdə hüquqi dövlət quruculuğunun və sülhün təntənəsi kimi səciyyələnib. Həmin il dövlətçilik ənənələrinin və konstitusion dəyərlərin təşviqi ilə yanaşı, sülhün, sabitliyin və milli həmrəyliyin daha da güclənməsi ilə yadda qalıb.

İ.Kərimovun sözlərinə görə, ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Məhkəmələrin yüksəkixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilib. Şəffaf seçim mexanizmi əsasında 83 yüksəkhazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək: “Eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib. 2025-ci il həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb”.

Məhkəmə-Hüquq Şurasının sədri bildirib ki, ötən dövr məhkəmə sistemi üçün səmərəli və məhsuldar olsa da, qarşıda hələ bir sıra vacib vəzifələr dayanır: “Hesab edirəm ki, vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır. Həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir”.

İ.Kərimov çıxışında onu da qeyd edib ki, Ali Məhkəmənin təşəbbüsü ilə yaradılmış “Femida Dialoq Platforması” vətəndaş cəmiyyəti ilə məhkəmə arasında dialoqun inkişafına xidmət edir. Onun sözlərinə görə, bu platforma çərçivəsində ötən dövrdə bir sıra görüşlər keçirilib.