İraqda Peşmərgə-Fransa birgə hərbi bazasına hücum edilib.
“Qafqazinfo” xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Ərbil valisi Ümid Xoşnav bildirib.
O, Mosulun Mahmur bölgəsində yerləşən Peşmərgə-Fransa birgə hərbi bazasına dron hücumu edildiyini və nəticədə 6 fransız əsgərinin yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində Peşmərgə qüvvələri arasında xəsarət alan olmayıb.
Hücumu kimin həyata keçirdiyi barədə hələlik məlumat verilməyib.
Fransa Baş Qərargahı da Ərbildə baş verən dron hücumu nəticəsində 6 fransız əsgərinin yaralandığını təsdiqləyib.
***
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, gizir Arnaud Frion İraqın Ərbil bölgəsində baş verən hücum zamanı Fransa uğrunda həlak olub.
“Fransa hökuməti və ordusu bildirir ki, ailəsinə və silahdaşlarına millətin dərin hüznlə başsağlığı və həmrəyliyini çatdırır. Hücum zamanı bir neçə əsgərimiz yaralanıb. Fransa onlarla, eləcə də, onların yaxınları ilə birlikdədir.
2015-ci ildən bəri İŞİD-ə qarşı mübarizə aparan qüvvələrimizə qarşı baş verən bu hücum qəbuledilməzdir. Onların İraqdakı mövcudluğu ciddi şəkildə terrorizmə qarşı mübarizə çərçivəsindədir və İrandakı müharibə bu cür hücumları haqlı çıxara bilməz”.
Son xəbərlər
Son Xəbərlər