Prezident Hindistanın yeni səfirini qəbul etdi - Yenilənib

prezident-hindistanin-yeni-sefirini-qebul-etdi
Oxunma sayı: 2884

Prezident İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Səfir, ilk növbədə, Azərbaycanda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib.

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu deyib, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirib.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğurduğunu deyib.

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilib. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlət başçısı vurğulayıb ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad edib və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirilib.

Azərbaycan Prezidenti qeyd edib ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalıb. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

Azərbaycan Prezidenti, eyni zamanda vurğulayıb ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın institusional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirib.

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.