Qalatasaray masonlarındırmı?

qalatasaray-masonlarindirmi
Oxunma sayı: 1672

Qalatasarayın kimlik vərəqi

Qalatasaray – tam adı Qalatasaray İdman Klubudur.
Azərkeşlərin taxdığı bəzi adlar da var: aslan, cimbom, Avropa fatihi və s.
Rəngləri: sarı-qırmızı.
Qurulduğu tarix: 1905-ci il 20 oktyabr

Tarixi

Klubu 1905-ci ildə Ali Samiyən qardaşları tərəfindən tarixi 1408-ci illərə təsadüf olunan Qalatasaray Lisəsində (Məktəb Sultan) qurulub. Bu liseyi deyilənə görə, II Bəyazid açıb, liseyin adı da qurulduğu bölgənin adından götürülüb. Sonradan tarixdə Hürrəm sultan kimi tanınan şəxs tərəfindən bağlanan məktəb “Lalə dövrü” adlanan zamanda təzədən açılıb. Daha sonra isə lisey təkrar bağlanıb. Son anda Osmanlı İmperatorluğunda Sultan Əbdüləzizin dövründə yenidən açılmış və işlək vəziyyətə gətirilmişdir. Bu liseydə Monsieur Kurel tərəfindən yeni idman növləri: üzgüçülük, jimnastika, atıcılıq və başqaları yaranmışdır. Tennis, voleybol kimi idman növlərini də öyrənən şagirdlər futbolla tanış olurlar, ancaq hələ bu idmanın qaydalarını, qanunlarını bilmirlər. 1901-ci illər futbol yadlar tərəfindən İstanbulda oynanılmağa başlanır. Bilindiyi kimi, futbol İngiltərədə yaranmışdı və onlar hər yerdə öz yeni yaratdıqları idman növünü tətbiq etmək istəyirdilər. Həmin illərdə Qalatasaray liseyinin şagirdləri bunun qarşısını almaq istəyirlər və öz dostlarından biri, Ali Samiyən adlı gənc klub açmaq haqqında dostlarına təklif edir. Beləliklə, Asim Sonümid, Rəşad Şirvani, Rafiq Cövdət Qalpaqçıoğlu, Abidin Davər və Kamil Ulusbəyin işbirliyi ilə başqan köməkçisi Rafiq Cövdət olmaqla klub qurulur. Bundan sonra klubun üzləri arasında hər gün bir qəpik (kuruş) yığılır, başqan Ali Samiyən də futbol topu ilə maraqlanardı. Donuz yağı ilə yağlanan top bir gün cırıldığı zaman Ali Samiyən öz sadiqliyinə xələl gətirmədən ayaqqabısının bir parçasını çıxarıb topu əvvəlki vəziyyətinə qaytarmışdır. Cövdət Qalpaqçıoğlunun işi isə formaları yumaq idi. Klubun ilk adının Qloria (Zəfər) ya da Audace (Cəsarət) qoyulması təklif olunmuşdur. Ancaq Rumlarla oynanılan oyunda 2:0 qələbə qazanan zaman liseyin şagirdlərinə xitabən “Qalata sarayı əfəndiləri” deyilməsi ilə bugünkü adının meydana çıxmasını gerçəkləşmişdir. Ali Samiyənin dediyi bu cümlə isə onların varoluşlarının təsdiqi kimi səslənir: “Məqsədimiz ingilislər kimi cəm halında oynamaq, türk olmayanı məğlub etməkdir”.

Qalatasarayın rənglər hekayəsi

Qalatasarayın formasının ilk rəngi qırmızı-ağ olmuşdur. Türkiyə bayrağından təsirlənərək yaradılan bu forma dövrün despot idarəçiliyi tərəfindən şübhə ilə qarşılanmış və futbolçuları təqib etməyə başlamışlar. Daha sonra sarı-qara rənglər götürülsə də bu da bir çox səbəblərdən klubun əsas rənginə çevrilə bilməmişdir.
İndiki rəngin hekayəsini isə klubun yaradıcısı Ali Samiyən açıqlayır:
“Bir neçə yeri dolaşdıqdan sonra, nəhayət, Baxçaqapıdakı Kök Yankonun dükanına getdik və orada zərif iki düyünlü qumaşa rast gəldik. Bu düyünlərdən biri vişnəyə çalan dadlı bir qırmızı, digəri isə içində narıncı rəngi daşıyan tox bir sarıdır. Biz atəşin içində rəng oyunlarının olduğunu görmüş kimi idik. Sarı-qırmızı rəngin başımızın üstündən uçuşduğunu görüb qələbədən qələbəyə irəlilədiyimizi təxəyyülümüzə gətirirdik. Bununla da Qalatasarayın rənginin sarı-qırmızı olmasına qərar verdik”.

Qalatasarayı kilsəmi yaradıb?

Osmanlı İmperatorluğu dövründə ilk yaradılan klub, şübhəsiz ki, Beşiktaşdır. Beşiktaş türklər tərəfindən 1903-cü ilə qurulub. Bu dönəmdə çoxları tərəfindən diqqət mərkəzinə çevrilən klubun alternativi yox idi. Deyilənə görə, Osmanlı İmperatorluğunun bölgələrində yaşayan xristianlar türk klubuna alternativ olaraq Qalatasarayı və Fənərbaxçanı yaratmışlar.

O zaman Osmanlı İmperatorluğunda çəkişməli dövr kimi yadda qalır. Ölkəni istilaçılar, işğalçılar qapsıyır. Bunlardan amansızca istifadə edən xristian dininə mənsub olan keşişlər və din adından dövlət çevrilişi etmək istəyən bir çoxları Osmanlını çökürtməyə çalışmışlar. Bu yöndə bir çox işlər görülür. Ancaq deyilə görə, bunların qarşısı alınır. Yaradılmış qeyri-rəsmi Qalatasaray və Fənərbaxça klubları dağıdılır. Lakin...

Qalataray masonların klubudur?

Qalatasaray klubunun yarandığı dövrdən Atatürkə böyük rəğbəti olub. Deyilənə görə, böyük siyasi liderin də bu kluba marağı olmuşdur. Onların oyunlarını izləmək paşanın ən sevimli məşğuliyyətlərindən olmuşdur.

Orta dövrlərdə yarandığı iddia edilən masonlar Atatürkün sevgisindən istifadə edərək ona yaxınlaşmaq, onu da öz mason lojalarına üzv eləmək istəyirlər. Bilindiyi kimi, Atatürk qatı millətçi idi və o zaman hakimiyyətə gəldiyi gündə minlərcə solçunu məhv etmişdi. Türkiyənin böyük şairi Nazim Hikmət həbsdə olduğu vaxt paşadan yardım istəmişdi, buna görə də məktub yazmışdı. Atatürk məktubu aldığı vaxt səhhəti heç də yaxşı deyilmiş. Öz işçilərinə bu işi həll etməyi tapşırmışdı. Amma bir sual doğur: axı, Atatürkün solçulardan zəhləsi gedirdi. Bəs niyə o Nazim Hikmətə yardım etdi? Cavab: çünki danışılanlara inansaq, o Nazımın şeirlərini oxuyub ağlamışdı. Gələk mövzumuza. Masonlar Atatürkün yumşaq qəlbindən istifadə edib Qalatasarayla bağlılıq yaradırlar. Qalatasarayın maliyyələşdirilməsində, hər bir işin görülməsinə onlara kömək göstərirlər. Və bəzi məlumatlarda bu təsdiqlənir. Hətta deyilənə görə, Uefa Kubokunu, eləcə də Super Kuboku Qalatasaraya qazandıran da masonlardır. Ancaq Atatürk hətta bir mason lojasının dediyinə görə, heç vaxt mason olmamışdır. Onda Qalatasaray mason klubudurmu? Mason klubudursa o zaman nədən Atatürkə yaxınlaşa bilməmişdir. Əgər amac Atatürkün mason olmağı idisə. Çətin sualdır...

Ayxan Eyvaz