Qaradağda dəyirmi masa keçirilib - Fotolar

qaradagda-deyirmi-masa-kecirilib
Oxunma sayı: 272

26 may Bakı şəhəri Qaradağ Rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “1918-dən Zəfərə: Azərbaycan Dövlətçiliyinin Memarlığı” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər, idarə və müəssisə əməkdaşları iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq iştirakçıları salamlayıb, 28 May – Müstəqillik Gününün Azərbaycan dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyi uğrunda mübarizə aparmış, dövlətçilik ənənələrini qoruyaraq bu gün güclü və nüfuzlu dövlət qurmağa nail olub.

Daha sonra Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışıb, müstəqil dövlətçiliyin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada böyük uğurlara imza atır və regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Tədbirdə çıxış edən Qaradağ rayon təşkilatının sədri Faiq Qurbanov dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, milli birlik və vətənpərvərlik ruhunun cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib.

Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov isə çıxışında dövlətin insan amilinə verdiyi dəyərdən, səhiyyə sahəsində həyata keçirilən islahatlardan və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Çıxış edənlər bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb, milli dövlətçilik tariximizin əsasını qoyub. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.

Daha sonra vurğulanıb ki, 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası olub, ölkədə sabitlik və inkişafın təməli qoyulub. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas edilib, güclü dövlətçilik modeli formalaşdırılıb.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu xüsusi qeyd edilib. Bildirilib ki, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə Azərbaycanın gücü və birliyi bütün dünyaya nümayiş etdirilib.

Tədbirdə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən də bəhs edilib, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin müasir Azərbaycanın inkişaf modelinin göstəricisi olduğu vurğulanıb.

Qeyd edilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız bərpa prosesi deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Sonda iştirakçılar tərəfindən dövlətçilik tariximiz, milli birlik və müstəqilliyimizin qorunmasının əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, tədbirin yüksək əhəmiyyət daşıdığı qeyd edilib.