İyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ RİH başçısı Süleyman Mikayılov, Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov, rayonun təsərrüfat sahələrinin rəhbərləri və Sukanal İdarəsinin işçiləri iştirak edib.
S.Mikayılov öncə 5 iyun Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bu sahədə çalışanları təbrik edib.
O qeyd edib ki, Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra edilib.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin tikilib istifadəyə verilməsi məhz bu qəbildəndir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas rol oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.
Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmış və artıq onların böyük bir hissəsi reallaşdırılıb.
Həmin proqramların icrası nəticəsində Qaradağ rayonunda su və kanalizasiya sistemində köklü dəyişikliklər baş vermişdir. Bəzi qəsəbələrdə içməli su problemi öz həllini tapmışdır. Görülən tədbirlərin nəticəsidir ki, bu gün rayon əhalisinin 80%-i 24 saat fasiləsiz su ilə təmin edilir. Hazırda da bu istiqamətdə işlər davam etməkdədir.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən Qaradağ rayon Sukanal idarəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər