Qax rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və həmin müddətdə görülən işlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, millət vəkili Əli Məsimli, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, ağsaqqallar, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanın qazandığı tarixi qələbələr və dövlətimizin sarsılmaz qüdrətinin Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin bu yolu böyük məharətlə davam etdirməsinin parlaq nəticəsi olduğunu diqqətə çatdırıb. Eyni zamanda Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, Azərbaycanın sosial-iqtisadi inkişafına, insanların rifah halının yaxşılaşmasına, hüquq və azadlıqlarının daha dolğun təmin olunmasına, əhalinin təhlükəsizliyinə, beynəlxalq aləmdə qazanılan uğurlara əsas yaradıb.
Bu gün Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olduğunu, əhalinin rifah halının ildən-ilə yüksəldiyini vurğulayan Elvin Paşayev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaranmış yeni reallıqların xalqımızda böyük qürur hissi oyatdığını qeyd edib.

Hesabat məruzəsində Elvin Paşayev yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. RİH başçısı ötən ilin xalqımız üçün uğurlu il olduğunu, dövlət başçısının müvafiq Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsini, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün böyük təntənə ilə qeyd edildiyini, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan konstruktiv addımlar, sülh müqaviləsinin əsas prinsiplər üzrə paraflanması, həmçinin türk dünyasını birləşdirən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm halqası olan Zəngəzur dəhlizinin reallaşdırılması ilə yadda qaldığını qeyd edib.
Elvin Paşayev həmçinin onu da vurğulayıb ki, davamlı olaraq bütün sahələrdə aparılan məqsədyönlü işlər və uğurlu nəticələr rayonumuzun sakinlərini də ruhlandırır, rayon əhalisi Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir və onun ətrafında sıx birləşərək əsl vətəndaş mövqeyi nümayiş etdirir. Bu da iqtidar və xalq birliyinin, vətəndaş məmnunluğunun əsl göstəricisidir.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Əli Məsimli, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məmməd Fətəliyev, Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov, şəhid atası Rafiq Hacıyev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıblar, Qaxda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışıblar.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


