Qeyri-adi fırıldaqçılıqla 30 il dövləti taladı

qeyri-adi-firildaqciliqla-30-il-dovleti-taladi
Oxunma sayı: 373

Küveytdə uzun illər davam edən qeyri-adi fırıldaqçılıq hadisəsi ölkədə böyük rezonans doğurub.

“Qafqazinfo” “Gulf News”a istinadən xəbər verir ki, bir qadın 30 ilə yaxın müddətdə vəfat etmiş Küveyt vətəndaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək, dövlət tərəfindən verilən maaş, mənzil və müxtəlif sosial müavinətlərdən yararlanıb.

Hadisə ilə bağlı aparılan geniş araşdırmalardan sonra qadın və atası məhkəmə qarşısına çıxarılıb.

Bildirilir ki, hadisənin başlanğıcı 1995-ci ilə gedib çıxır. İstintaq materiallarında qeyd olunur ki, qadının atası onu vəfat etmiş Küveyt vətəndaşının qızı kimi qeydiyyata saldırıb və bunun üçün rəsmi sənədlər saxtalaşdırılıb.

Araşdırma zamanı məlum olub ki, qadın illər boyu heç bir şübhə yaratmadan həmin vəsiqə yaşayıb.

Məlumata əsasən, qadın saxta şəxsiyyət vasitəsilə dövlətin vətəndaşlara təqdim etdiyi aylıq maaş, pensiya ödənişləri, dövlət mənzili və müxtəlif sosial yardımlardan faydalanıb.

Səlahiyyətli orqanlar bildiriblər ki, məsələ təkcə şəxsiyyət saxtakarlığı deyil, eyni zamanda, dövlət resurslarından uzunmüddətli qanunsuz istifadə faktıdır.

İş köhnə mülki qeydiyyat sənədləri və rəsmi arxivlər üzərində aparılan gizli araşdırmalardan sonra ortaya çıxıb.

Müstəntiqlər uzun illər Küveyt vətəndaşı kimi tanınan qadının, əslində, başqa bir şəxsin sənədindən istifadə etdiyini müəyyən ediblər.

Hakim Xalid Əl-Omeyranın rəhbərlik etdiyi Küveyt Cinayət Məhkəməsi qadın və atasını 7 il müddətinə ağır iş rejimli həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin onları 1,5 milyon Küveyt dinarı məbləğində cərimələyib və 30 il ərzində qanunsuz əldə olunduğu iddia edilən bütün maliyyə vəsaitlərinin dövlətə geri qaytarılması barədə qərar çıxarıb.