Bu gün Zaqatala rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Göyəm kəndi ərazisində minik avtomobili 3 uşağı vurub. Azyaşlılardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən vəfat edib. Daha bir uşaq isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dövlət qurumlarının əməkdaşları gəlib.
Əlavə məlumat veriləcək.
***
Bu gün saat 13 radələrində Zaqatalada baş verən qəzada həyatını itirən məktəblilərin kimliyi müəyyənləşib.
“Mercedes” markalı minik avtomobilinin vurduğu 3 nəfər Göyəm kənd orta məktəbinin şagirdləri olub.
Hadisə nəticəsində 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən Emin İbrahimov barəsində cinayət işi başlanıb.
***
Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada avtomobillə vurulan məktəblilərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.
Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
***
TƏBİB-in Mətbuat xidmətindən bildirilib ki, bu gün Zaqatala rayonunun Göyəm kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 3 azyaşlıdan 2-sinin hadisə yerində ölüm faktı qeydə alınıb.
Onlardan 1 nəfər isə saat 13:30 radələrində bədənin çoxsaylı travmaları diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin müayinə və müalicəsi davam etdirilir.