QHT Agentliyindən türk dövlətlərinə - Çağırış

qht-agentliyinden-turk-dovletlerine
Oxunma sayı: 246

Azərbaycanın QHT Agentliyi türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.

Forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, dünən Qazaxıstanda - Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər:

“Azərbaycan Prezidenti İlham Əliyevin öz andiçmə nitqində ifadə etdiyi bu cümlələri eyni ilə təkrar etmək istərdim: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?”. Bu gün Türk dünyası yüksəliş dövründədir, qarşımızda imkanlar, fürsətlər getdikcə genişlənir. Sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir”.

O, türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi bu tribunadan elan edirəm ki, biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”.

Fuad Məmmədov onu da bildirib ki, yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsi Türk dünyasının qüdrətini artıracaq:

“Mən ixtisasca kulturoloqam. Ömrünü, akademik elmi fəaliyyətimi mədəniyyət məsələlərinə həsr etmişəm. Yüksək ruhi mədəniyyət, yəni dost və qardaş xalqlarımızın intellektual və mənəvi mədəniyyətinin qovşağı bizim əsas gücümüzdür. Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”.