“Qocalar arasında əxlaqsızlar azdırmı?” - - Qan Turalı

qocalar-arasinda-exlaqsizlar-azdirmi-
Oxunma sayı: 2250


“Qafqazinfo”nun xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı ilə bağlı fikirlərini “Azadlıq” radiosuna açıqlayan yazıçı Qan Turalı deyib. O, qurultay haqda ümumi təəssüratları bölüşüb: “Anarın seçilməsi əvvəlcədən məlum olan bir məsələ idi, bu haqda əlavə şərhə ehtiyac duymuram. Lakin qurultayda diqqətimi çəkən və məni həqiqətən məyus edən bir məsələ haqda danışmaq istərdim. Mən qurultayda gəncliyə qarşı amansız, sonsuz, səxavətli bir nifrət hiss etdim.

Məsəlçün, Seyran Səxavət gənclərlə bağlı “ədəbiyyatın bic balaları” ifadəsini işlətdi. Ramiz Rövşən gənclərin “hansı yuvanın quşu olduğunu bildiyini" dedi. Məmməd İsmayıl dedi ki, qurultayda alternativ fikir yoxdur. Əslində estetik baxımdan Məmməd İsmayılın fikri də alternativ fikir deyildi, ancaq yeganə tənqidi fikir ona məxsus idi.

Mən elə sizin sayt vasitəsilə Seyran Səxavətdən, Ramiz Rövşəndən soruşuram: Məgər qocalar arasında istedadsızlar, əxlaqsızlar azdırmı, niyə gənclərin üstünə düşürsünüz? Bu qədər nifrət sizin içinizə haradan yığılıb? İkincisi də Azərbaycan ədəbiyyatında adı-sanı olan, kitabları çap olunan, oxunan Aqşin Yenisey, Günel Mövlud, Seymur Baycan, Qismət, Mirmehdi Ağaoğlu, Nərmin Kamal, Sevinc Elsevər, Şərif Ağayar, Fərid Hüseyn, Şəhriyar Del Gerani kimi müəlliflər var, onların heç birisi qurultayda gözə çarpmırdı, nə biri durub çıxış etdi, nə söz verildi. Onların neçəsi AYB üzvüdür ki? Üzv deyilsə niyə deyillər?

Niyə Cavid Zeynallı qurultay üzvü deyildi? AYB qurultayı gənclikdən tamamilə təmizləmişdi. AYB gənclərdən tamamilə təmizlənib. Onun əvəzinə Ramiz Rövşən, Seyran Səxavət ortaya çıxıb miskincəsinə gəncliyi tənqid edir. Əgər yetkinlik yaşına çatmış yazarlarımız on ildən bir əllərinə düşən qurultay tribunasını gəncliyin əleyhinə istifadə edirsə, məncə bunun üzərində bir qədər düşünmək lazımdır. AYB Azərbaycan ədəbiyyatında köhnə təmayüllü, mühafizəkar bir qurumdur, Azərbaycan ədəbi gəncliyinin AYB-yə heç bir dəxli yoxdur. AYB sözün əsl mənasında həm estetik planda, həm yaş məsələsində qocaları təmsil edir. Ölkədə az-çox gəncləşdirmə prosesi gedir, ədəbiyyat bu prosesdə daha öndə olmalıdır, amma qurultay onu göstərdi ki, AYB qocaların təşkilatıdır, köhnə, ibtidai ədəbi zehniyyətin qalasıdır. Məsəlçün 80 yaşlı Fikrət Qocanı yenidən katib seçdilər, belə çıxır ki, növbəti qurultay da on ildən sonra keçirilsə Fikrət Qoca 90 yaşına qədər o postda olacaq”.