Qubada çəkilən görüntülər müzakirələrə səbəb oldu - Video

qubada-cekilen-goruntuler-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 4432

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub. 

“Qafqazinfo” həmin görüntülərlə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.  

***

İcra Hakimiyyəti görüntülərin Qubada çəkilmədiyini bildirsə də, sosial şəbəkələrdə rayon sakinləri köhnə texnika ilə təmizlənən ərazinin Qubanın mərkəzi olduğunu bildiriblər.

***

Quba Rayon İcra Hakimiyyəti məlum video ilə bağlı daha bir açıqlama verib. Anar Məmmədov saytımızla təkrar əlaqə saxlayaraq bildirib ki, həmin video ilə bağlı dəqiqləşdirmə aparılıb və məlum olub ki, görüntülər bir neçə il əvvəl çəkilib: “Bu bir neçə il əvvə  rayonun dağlıq ərazisində qarı təmizləmək üçün gedən texnikadır. Ötən gün Quba rayonunda yolların təmizlənməsi ilə bağlı heç bir problem olmayıb”.

Gülnar Əliyeva