“Motorola” “Swarovski” ilə bəzədilmiş modellərlə geri döndü

motorola-swarovski-ile-bezedilmis-modellerle-geri-dondu
Oxunma sayı: 514

“Motorola” uzun müddətlik fasilədən sonra Türkiyə bazarına geri dönüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət bu dönüşünü xüsusi kampaniya ilə elan edərək iki yeni cihazını istifadəçilərə təqdim edib.

Belə ki, “Motorola” ilkin olaraq yeni “Edge 70” və qatlanan “Razr 60” smartfon modellərini satışa çıxarıb.

Standart versiyaları 49 999 TL (1 904 manat) qiymətlə təklif olunan “Edge 70” və “Razr 60” modellərinin “Swarovski” ilə bəzədilmiş xüsusi versiyaları isə 59 999 TL-dir (2 285 manat).

Kampaniya çərçivəsində yeni cihazları alan istifadəçilərə seçilən modeldən asılı olaraq “Moto Buds Bass” və ya “Moto Buds Loop” “Swarovski” qulaqlıqları hədiyyə olunur. 

Klassik dizayna malik “Edge 70” modeli gücünü “Snapdragon” 7 Gen 4 prosessorundan alır və 12 GB RAM, 512 GB yaddaşla təqdim olunur.

Qapaqlı dizayna sahib “Razr 60” modeli isə “Dimensity” 7400X prosessoru, 8 GB RAM və 256 GB yaddaş tutumu ilə gəlir.

“Edge 70” modeli 4800 mAh batareya və 68W sürətli enerji doldurma dəstəyi ilə seçilir. Cihazın həm ön, həm də arxa tərəfində 50 MP keyfiyyətində kameralar yerləşir.

Qatlanan quruluşa malik “Razr 60” modeli isə 4500 mAh batareya, 30W sürətli enerji doldurma dəstəyi və yüksək yenilənmə tezliyinə malik iki “AMOLED” ekranı ilə smartfon bazarında rəqabətə qoşulur.