Bakıda, özü də düz mərkəzdə, həm də tarixi abidə sayılan binanın, “Nizami Kino Mərkəzi”nin divarları uşaqlar tərəfindən yazılıb. Mənim şəxsən o uşaqlarda işim yoxdur, həm ona görə ki, uşaqlar artıq hüquq mühafizə orqanları tərəfindən saxlanılıb, müvafiq iş aparılıb, həm də ona görə ki, divarı yazan 3-4 uşaqla bitmir bu məsələ.
Ümumilikdə hadisə mənə maraqlı gəldi və bir azca fərqli tərəflərdən baxmaq istədim mövzuya. İlk ağlıma gələn isə, elə bu mövzuda amma düz bir əsr əvvəl, 1926-cı ildə yazılmış bir hekayə, Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi oldu. Gəlin bir parçasını burda yazım, (çünki bilirəm, maraqlandırmasam, özünüzə əziyyət verib hekayə tapıb oxuyası deyilsiniz) agah olun ki, söhbət nədən gedir.
Dahi Mirzə Cəlil hekayəsini bu cümlə ilə başlayır: “Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, hələ sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağız-qələmi, bir yerdə otur və nə qədər kefindi, yaz.”
Sanki 1926-cı il deyil, 2026-cı ildir. Nizami Kino Mərkəzinin divarını yazan uşaqlarla “profilaktik söhbət aparılır”. Cümləni də Mirzə Cəlil yox, sahə müvəkkili işlədir - divarı yazan uşaqlara və valideynlərinə…
Hekayənin davamını Mirzə belə gətirir: “Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib: deyəsən bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dənə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz”.
Bəli, düz bir əsr sonra, 2026-cı ildə mən də belə düşünürdüm. Düşünürdüm ki, bizim uşaqlar “özgə uşaqlar”, yəni xaricilər kimi divar yazan deyillər. Xaricdə, əsasən də qərb ölkələrində geniş yayılmış qraffitinin gözəl binaları, ictimai məkanları necə eybəcər bir duruma saldığının dəfələrlə şahidi olmuşdum. Həmişə də düşünürdüm ki, şükür “bizim uşaqlar” belə işlər görməz. Məsələnin bu hissəsində də eynən Mirzə Cəlil kimi düşünürdüm ki, bizim uşaqların divar yazan olmamağının ən başlıca səbəbi valideyinləri, böyükləri tərəfindən onlara edilən nəsihətlərdir. Biz evimizdə stolun üstünü də, məktəbdə partanı da, küçəmizdə divarları da səliqə-səhmanlı, təmiz sevərik. Böyüklərimizdən belə görmüşük və kiçiklərimizə də belə öyrərtməliyik. Bizim şəhərlərimizin gözəlliyi divarlarındakı bizə xas olmayan eybəcər qraffitilərlə ölçülmür. Biz qədim və tarixi binalarımızla, təmiz küçələrimizlə, özünəxas arxitekturamızla seçilən və sevilən ölkəyik.
Mirzə Cəlilin hekayəsindən paylaşdığım hissənin sonuncü cümləsi də tam yerinə düşür. Kino Mərkəzinin divarlarını yazanların ən azından bir istedadı, əl qabiliyyəti olsaydı, yenə adam yanmazdı. Düşünərdin ki, “kişinin balalaları öz içlərində yığılmış istedadı divarlara yansıtmaq istəyiblər. Di gəl, yazılar da məhz Mirzə dediyi kimi “elə naşı və kobud” yazılmışdı ki, baxan deyərdi bu heç uşaq işi də deyil, nədirsə başqa bir şeydir. Məsələn, “şeytan işidir”…
Mirzə Cəlilin hekayəsinin necə sonlandığını bilmək istəyirsinizsə, əlinizdəki telefonlardaca axtarış verin, tapılacaq. Amma bizim hekayəmiz, hələ davam edəcək. Çünki hadisəyə hamı eyni tərəfdən baxmır. Tarixçilər üçün bu hadisə “mədəni-tarixi əhəmiyyətli binaya qarşı vandallıq aktıdır”. Mədəniyyət xadimlərinə görə, bu hadisə bizim ölkəyə xas olmayan, yad bir “mədəniyyət”in bizim içimizə zorla girmə istəyidir. Bakının abadlığı, təmizliyi ilə məşğul olan şəxslərə, idarələr görə bu onların əməyinə, son vaxtlar Bakıda aparılan abadlaşdırma işlərinə vurulan zərbədir. Digər tərəfdən, bəzi insanlara görə də, 3-4 gəncin elədiyi “şuluq əməl”dən başqa bir şey deyil. Bu insanlar düşünürlər ki, hadisə çox da şişirdilməməli, uşaqlar sakitcə cəzalandırılmalı və yazılar silinməli idi, vəssalam.
Bütün baxış bucağından yanaşanlara haqq vermək olar. Amma bir şeyi unutmamaq şərti ilə: hadisənin mərkəzində bu işi görənlərin məsuliyyətsizliyi və tərbiyə amili dayanır. Müasir gənclik olmaq, düşüncə fərqliliyi ilə yaşamaq, hansısa nəslin nümayəndəsi olmaq, müasir texnologiya, müasir davranış formaları və sairə sadalayacağımız heç bir şey “tərbiyə” amilini kənarda saxlamağa əsas vermir. Nə olur-olsun, hər birimizin öz övladlarımıza və gənclərimizə tərbiyə vermək, öyüd nəsihət etmək borcumuzdur.
Sonda onu da deyim ki, “divar yazmağın” tərbiyəsizlik sayılmadığı, hətta divar yazılarının adama qürur verdiyi hallar da var. İstisna hallar! Məsələn, 44 günlük Zəfər Savaşımızda işğaldan azad edilən ərazilərimizn divarlarına müzəffər ordumuzun əsgərləri tərəfindən yazılanlar. “Qarabağ Azərbaycandır!” şüarının ən gözəli və ən qürurverici şəkli dogma Şuşamızda Azərbaycan əsgəri tərəfindən uçuq divara kömürlə yazılan idi. O divarlara yazılan yer adları da, əsgər adları da, sözlər adama xüsusi bir enerji, xoş bir hiss verirdi. Əlbəttə ki, o yazılar də işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq işləri zamanı silindi, silinəcək. Amma Azərbaycan Əsgərinin “tarixin divarına” yazdığı “QƏLƏBƏ” sözü sonsuzadək qalacaq. Üstəgəl, bizim əsgərlər o divarları yazmamışdan əvvəl hər gün, hər saat tarix yazırdılar.
Tarix yazmaq ayrı, tarixi binanı iyrənc şəkildə yazmaq ayrı. Etməyin uşaqlar! Bizim gəncliyə o işlər yaraşmır. Bizim divarlarımıza o “yazılar” yaraşmır. Bizə yaraşmayanları özünüzə yaraşdırmayın. Sizə də yaraşmır axı...
Çingiz Özgür