Quruyan ağacların yerində meşə əkinləri salınır - Fotolar

quruyan-agaclarin-yerinde-mese-ekinleri-salinir
Oxunma sayı: 1603

Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol hissəsində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub və xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov “Qafqazinfo”ya bildirib ki, mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində ərazidə kütləvi şəkildə ziyanvericilərin yayıldığı məlum olub.

Bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb: "Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri  tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək”.