Rafiq Tağıdan Ağ Şərifəcən

rafiq-tagidan-ag-serifecen
Oxunma sayı: 1456


Rəhmətlik Eldar radioda gedəcək üşqrankalıq nağıl sifariş vermişdi, mən də götürüb üç səhifəlik müasir nağıl – hekayə yazmışdım. Oxuyub güldü və dedi ki, bu nağıl deyil, amma uşaqlara bəlkə elə bu nağıldan da artıq lazımdır. Beləcə, hər həftə mənim radioda üç səhifəlik nağıl-hekayəm səslənirdi, ayın başında yaxşıca qonarar alırdım. Sonralar Eldar radioda işə də düzəltdi məni. Lap sonralar isə əlim elə öyrəşmişdi ki, hekayələrim üç səhifədən artıq olmurdu...

...Rafiq Tağı bu əhvalatı biləndə bığaltı gülüb dedi:

-Bəlkə də Eldar o nağılları sənə kömək etmək üçün Babək Hüseynovdan şəxsən xahiş edibmiş.

Bir də mən əsl hekayə yazmağa, yəni qonorarsız hekayə yazmağa başlayanda Rafiq Rusiyadan qayıtmışdı və bizi hekayələrimiz tanış elədi.

Rafiq Azərbaycan prozasına bir çox yeniliklər gətirdi. Biri buydu ki, o, təmənnasız yazırdı. Yəni “yazıçı olacağam” deyib yazmırdı. Yazıçılıq eləmirdi, yazıçı kimi yazmırdı, yazıçılıqdan bəkləntisi yox idi. Rafiq Tağı kimi yazırdı.

Rafiqlə mübahisəmiz həmişə ədəbi mübahisə olub. Biz ayri-ayri “şkola”ların adamı olsaq da, bir-birimizi anlaya bilirdik, sadəcə arada söz aparıb gətirənlər aramızı vurmağa çalışıblar. Amma şükür ki, buna müvəffəq olmayıblar.

İkincisi buydu ki, Rafiq prozaya elm qatı verdi. Bəzən onun hekayələrində esseylə hekayənin sərhədləri pozulurdu, amma bunu ancaq çox az adam başa düşə bilirdi.

Rafiq həyatda yumşaq, ipək kimi adam idi. Amma esselərində dəhşət sərtlik vardı. Hekayələrində o sərtlik əriyib həkim müalicəsinə oxşayırdı. Rafiqin hekayələri insanı sığallayır, onu dirçəldir, ölməyə qoymurdu.

Rafiq prozaya bir həkimanəlik də gətirdi. Onun hekayələrində xəstə adam görsəniz, bilin ki, doktor-yazıçının müdaxiləsidir.

Rafiq bir də ədəbiyyata gənclik nəfəsi gətirdi. Onun özündən də, yazılarından da gənclik eşqi, həyat enerjisi qaynayırdı. Ona görə gənclər onu çox sevirdilər.

Bir dəfə gənclərdən söz düşəndə “Bir Şərif Ağayar var. Tanıyırsan onu?” deyə soruşdu və cavabımı gözləmədən “Mən onnan çox şey gözləyirəm, gənclərin ən yaxşılarınnandı” dedi.

Düzünü deyim ki, mən Şərifi onacan elə-belə tanıyırdım. Rafiqin təntənəli təqdimatından sonra izləməyə başladım.

Deyirlər ki, Xudafərin körpülərinin yarıuçmuş vəziyyətdə olanını usta, indi “yaşayanı”nı isə onun şagirdi tikib. Əsl usta odur ki, şagirdi onu ötsün...

...Bu yaxınlarda Rafiq Tağının ad günüydü və ömrü uzun olmuş Rasim Qaracanın rəhbərliyi ilə “Alatoran” nəşrlərində Rafiqin “Yanaşı ulduzlar” kitabı nəşr olunmuşdu və bu, ad gününə ən yaxşı hədiyyə idi. Həmin kitabın təqdimatı Rafiqin ad gününə təsadüf edirdi. Danışdıq, çıxış etdik və kitabı da tutiya kimi əlimizdən-əlimizə ötürdük. Orada hamıdan çox diqqətimi çəkən Şərif Ağayar idi. Elə iki daşın arasında “Xanım T” adlı yeni kitabını mənə bağışladı. Və mən o kitabı vərəqləyə-vərəqləyə yadıma Sabir Əhmədlinin, Eldar Baxışın mənə sifarişlə yazı yazdırmaları düşdü. Bərk-bərk tapşırırdılar ki, bax, səhər gətir ha, yoxsa qəzet (Sabir Əhmədov, “Ədəbiyyat qəzet”i), yaxud radio (Eldar Baxış, radionun uşaq redaksiyası) dayanar, aləm dəyər bir-birinə. (İndi anlayıram ki, heç nə baş verməzdi, mən nə belə matah yazan olmuşdum ki, o yazılar olmasa, qəzet, radio dayana bilərmiş! Sadəcə onlar bununla məni məcbur edirmişlər ki, yazım, qonarar ala bilim)

İş ondadır ki, mən bu kitabdakı yazıların demək olar hamısını oxumuşam – köşə kimi! Amma baxtı ağ olmuş bu Ağ Şərif köşənin üstünə yüngülcə əlini çəkməklə onları gözəl hekayəyə çevirib. Özü də bilirsiniz necə hekayəyə? Gedin Rafiq Tağının “Pozitiv. Neqativ” kitabını oxuyun, görəcəksiniz... Düzdür, oxşada biməyəcəksiniz, amma gərək bunu duymaq üçün bir az Rafiq Tağı fəhmin, bir az da Şərif Ağayar zəhmin ola...

Şərif əslində bu kitabıyla prozamıza çox böyük bir yenilik gətirdi. Mənim adaşım olan əmisi oğlundan yazdığı hekayəni, yaxud başı qaçan Zəngilanlı kişidən yazdığı

(Köçəri dayı) ağını – bu əsl proza ilə yazılmış ağıdı–“Eşşəklik” adlı başqa bir yazını... Kitabı gərək bütöv oxuyasan. Burada bizim çox “eşşəkliklərimizi” görəcəksiniz. (Həmin Köçəri kişinin başqa bir variantından mən də yazmışam “Nənən ölsün, ay Savet” adlı hekayəmdə. Oxumayanlar internetdən tapıb oxuya bilərlər)

Yoox, bu kitab Şərif Ağayarın hekayə yaradıcılığı deyil, əziz yazıdan-pozudan başı çıxan dost. Bilirəm niyə heylə baxırsan? Bu kitab Şərifin gələcəkdə yazacağı hansısa iri həcmli əsərlərin xırdalanmasıdır. Kəllə qəndi necə doğrayarlar, bax elə. Bu da bir cür üsuldur. Üsul dedim, Şərifin bir hekayəsi var: “Şeqlov üsulu”... Yox, bu kitabda deyil. İnterneti axtarın taparsınız. O da başqa bir Şərifin dəst-xəttidir.

Hə, usta - şagird münasibətindən danışırdım, gör gəlib hara çıxdım. Bu yazını neçə gündür başımda bişirirdim, qorxurdum ötə, heç yaza bilməyəm. (Südü bişirəndə ötüb çürüyən kimi. O qədər belə ötürmələrimiz olub ki.)

Hə, bir şey qaldı. Xudafərin körpülərinin usta tikəni uçub, şagird tikəni yaşayır. Amma Rafiq Tağının əsərləri Şərif Ağın əsərləri ilə yanaşı durublar.

Azad Qaradərəli