“Qafqazinfo” Azərbaycanın tanınmış şairi Qəşəm Nəcəfzadənin şeirlərini tədim edir.
Oğluma
Oğlum biz səni yalandan yaratdıq, yalandan
Sözdən yaratdiq, sözdən
Məktubdan yaratdıq məktubdan
Biz ən qəddar adamıq.
Yalandan ayaqqabı soruşduq dükandan,
Içdiyin süddən danışdıq.
Anan yazırdı iki dişin cıxıb
Mən də şeir yazdım iki dişinə.
Qaşığın böyüyünü götürürsən deyirdi anan
Ağlayırdım dünyanı dörd əlli qucaqlamağına.
Sən gecələr ağlayırdın ananın qucağında
Mən gündüzlər telefon budkalarında.
Anan yazirdi ki, iməkləyirsən,
Qaçıb çarpayının altına girirsən
Əvvel kitabları vərəqləyirsən,
Sonra cırırsan
Bəlkə yalançı dünyanı uçurursan, oğlum.
Anan yazırdi ki, guya məni soruşursan
"At "deyirsən "ta" deməyə dilin dönmür.
Lap indicə yazdı anan
Axşamdan başlayan qızdırman sönür.
Deyirlər acgözsən, küsəyənsən,
Mənə oxşayırsan deyirlər.
Atırsan uzağa oyuncaqları
Məni daşlayırsan deyirlər.
Dedim ananın yanında böyü
Ananın yanında kişi ol dedim.
Ananla nələr düşünmədik sənin haqqında
Səninlə biz də böyüdük.
Məndən uzaqdasan
Sənin yanıncan gedir-gəlir nəfəsim.
Anan yazir ki, gəl apar oğlunu
Oğlum, bu ölmüş atan
Səni uşaq evinə necə versin.
Mənim balam, nəfəsini gey əyninə istilən
Amerika külək əsir
Şərq oxuyur
Qış-qış
Xaş-xaş
Xəş-xəş
Amerikanı görmüsənmi, Əliş əmi
Görüb salam vermisənmi, Əliş əmi.
Mən ölüm düzünü de…
Rusiya əsir
Əsir Rusiya
Havası ölkələrin
Burnundan gəlib keçir vız
Vız-dız
Cız-bız
Mız-mız
Iraqda siyasət əsir
Güllələr uçur uşaqları qızdırmağa
Qız balam
Qız balam
Gecə-gündüz ot daşıyan, Əliş əmi
Külək olub od yaşayan, Əliş əmi
Nə var, nə yox?
Oğlun öldu gələ bilmədim
Mən də öləndə
Sən gəlmə
Mən belə əclafam
İisrayil sazaq əsir
Mənim balam, nəfəsini gey əyninə istilən
Bu da sonuncu
Kilim
Sonuncu palaz
Az-maz
Namaz
Qafqaz
Qapaz
Yenə televezorda
Siyasətçilər
Xəbərçilər
Atətçilər
Arsız
Abırsız
Həyasız
Həyasız
Anasız
Bacısız
Ağrısız
Acısız
Onsuz
Bunsuz
Sənsiz
Mənsiz
Yönsüz
Sözsüz
Yüz
Süz .
Gülün bir lətifənin üzünə
Istəyirsiniz ürəyiniz ağrımasın
Sevinin
Məsələn, mənim bu təzə şeirimə sevinin
Günəş şüasıyla oynayan pişiyə sevinin
Ayaqlarıyla ağac şəkli çəkən
quşa sevinin.
Allah haqqi düz deyirəm
Qonşunun evinə sevinin
Evinin hündürlüyünə sevinin.
Qəlbinizdə bir xatirə yoxdurmu?
Gülümsəyin o xatirənin üzünə.
Çırtma çalın oynayın
Gülün bir lətifənin üzünə
Pis valideyin
Məktəb direktoru
məni çağırdı yanına,
Sən ən pis valideyinsən-
11-də oxuyan oğlun
qiz sevir.
Sinif rəhbəri də bir yandan,
Məktubunu tutmuşuq
Özü də şeirlə yazıb.
Yaman pis oldum
oğlumun məktubunun
tutulmağına.
Uşaqlıqdan bilirdim
ehtiyatsızdı oğlum.
Gözündən ovçu oğlum
Ikili-üçlü oğlum.
Neçə-neçə dostu var,
Deyirlər hər küçənin tinində
bir postu var.
Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum,
Dərdini bacısına deyir,
Bacısı da xəbərçidi
Anasıyla əlbirdir.
Əvvəl dinləyir qəşəng - qəşəng
Sonra anasına deyir göyçək - göyçək.
Dostları xain oğlum ,
Pırpız saçlarımı götürüb özüynən
Odlu ürəyimi götürüb özüynən
Təkcə ehtiyatlı olmağımı götürməyib.
Dilin- ağzın qurusun, a xəbər verən
Əlin - qolun qurusun,
a məktub tutan!
Dostları xain oğlum!
Utandım direktordan
soruşmağa
goresen qiz ne fikirdedi?