“Şamaxı ensiklopediyası” çapdan çıxıb

samaxi-ensiklopediyasi-capdan-cixib
Oxunma sayı: 1294

“Şamaxı ensiklopediyası”nın elektron və maraqlı tərtibatda kitab versiyası işıq üzü görüb. Milli Məclisin Şamaxıdan seçilmiş deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü və naşirliyi ilə işıq üzü görmüş ensiklopediya artıq oxucuların ixtiyarına verilib.

Bu barədə “Qafqazinfo”ya ensiklopediyanın elmi məsləhətçilərindən biri, jurnalist-tədqiqatçı Anar Turan məlumat verib.

Ensiklopediya Şamaxının tarixindən, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatından tutmuş, təbiətinədək bütün sahələri əhatə edir. Burada Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxıya həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr öz əksini tapıb. Ensiklopediyanın elektron variantı olan “shamaxi-encuclopedia.az” saytı yüksək səviyyəli dizayn və istifadəçilərə bu şəhər haqqında hərtərəfli imkanlar açacaq panellərlə seçilir. 

Ensiklopediyada Şamaxının qədim dini-irfani mühitini əks etdirən məbədlər, türbələr, pirlər, ziyarətgahlar barədə də məlumatlar verilib. Ensiklopediyada həmçinin dünya ədəbiyyatına misilsiz tövhələr vermiş Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər böyük şair və mütəfəkkirlər barədə ətraflı məqalələr yer alıb. “Şamaxı ensiklopediyası”nın özəlliyi ondadır ki, kitab informasiya baxımından çeşidlidir. Ensiklopediyanın elmi-redaksiya şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, üzvləri isə tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev və iqtisad elmləri doktoru Vurğun Süleymanovdur. Kitabın baş redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

Uzun müddət Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş və tariximizdə mühüm yer tutan qədim Şamaxı barədə zəruri bilgilər toplanmış bu ensiklopediya tək şamaxılılar üçün deyil, bütün ölkə oxucuları, tədqiqatçılar üçün də mühüm məlumat mənbəyidir.