Samir Şərifovun cavabsız sualları – Təhlil

samir-serifovun-cavabsiz-suallari-tehlil-
Oxunma sayı: 815







Azərbaycanda qeyri-neft sektoruna dövlət dəstəyi və maliyyə qayğısı barədə çox yazılıb. Bəzən bu yazılarda aqrar sektora ayrılan dövlət vəsaitlərinin həcminin az olmasından danışılır, bəzən də onların istifadə istiqamətləri mübahisə predmetinə çevrilir. Bununla belə bu kreditlərin azlığı kifayət qədər əhəmiyyətli müzakirə mövzusu olsa da, bütün hallarda kreditlərin təyinatı üzrə xərclənib xərclənməməsi daha çox müzakirəsi vacib olan məsələlərdəndir. Məhz bu zərurət də aqrar sektora ayrılan pulların təyinatı üzrə xərclənməsinə dövlət nəzarətinin təşkil edilməsiylə bağlıdır. “Qafqazinfo”nun apardığı araşdırmalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsini də dövlət proqramları üzrə xərclənən vəsaitlərin auditini də, əvvəldən sonuncu qərar mərhələsinə qədər Maliyyə Nazirliyi həyata keçirir. Bu nazirlik büdcədən ayrılan vəsaitlərin ilin 4 rübü üzrə və ilin yekununda yoxlayır, Nazirlər Kabineti qarşısında hesabat verir. Amma bu nazirliyin ayırdığı pullara nəzarət etməsi ilə bağlı kifayət qədər cavabsız suallar ortadadır. Məhz bu cavabsız suallar da aqrar sektora ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, şəffaflığın olmaması şübhələrini meydana çıxarır.

Beləliklə ilk əvvəl biz yaxın günlərdə Milli Məclisə təqdim edilməsi gözlənilən 2012-ci ilin 16 milyardlıq büdcə layihəsinə diqqət yetirək. Layihədə həmişə olduğu kimi yenə də əsas vəsaitlər investitsiya layihələrinə, təmir-tikinti, abadlıq işlərinə ayrılır. Bütövlükdə isə 7 milyarda yaxın investitsiya layihələri üzrə ayırmaların cəmi 1 faizi, yəni 70 milyon manatı qeyri-neft sektorunun inkişafına yönəldilməsi planlaşdırılır. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz kimi rəqəm kifayət qədər kiçikdir. Amma bu kiçik rəqəmin xərclənməsində də böyük yeyintilərin olması ehtimalları ortaya çıxır. Nəzarət isə yoxdur.
Məsələn ölkə daxilində qeyri-bank qurumu olan 52-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Bu kredit təşkilatları aqrar sektora ayrılan vəsaitləri heç də birbaşa dövlət büdcəsindən və ya Maliyyə Nazirliyindən almırlar. İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun müvəkkilliyi ilə yönəldilən bu vəsaitlər sonradan nə qədər davamlı və dayanaqlı olması məqamları üzrə şübhələr ortaya çıxır.
Dövlət büdcəsindən ayrılan kreditlər və ya birdəfəlik icma və inkişaf proqramları demək olar ki, bu sektorun dirçəlməsinə xidmət etmir. Həmçinin də aqrar sektora ayrılan kreditlər kifayət qədər yüksək faizlə verilir. Qaytarılma müddəti kifayət qədər uzun olsa da, Maliyyə Nazirliyində hesab edirlər ki, faizlərin aşağı salınması üçün Mərkəzi Bankın uçot dərəcələri üzrə müqayisəli kavsentlər tətbiq edilir. Buna baxmayaraq Maliyyə Nazirliyi bu kreditlərin kimə və nə üçün verildiyinə az nəzarət edir. Məsələn 2010-cu ilin büdcə yekunları ilə bağlı hesabatda nazirlik açıqlayırdı ki, aqrar sektora ayrılan proqnozlaşdırılmış kreditlərin 24 faizi xərclənməmiş qalıb. 2010-cu ilin inkişaf proqramlarının 1.7 faizini təşkil edən bu vəsaitin də 4-dən 1-i xərclənməmiş qalıbsa, deməli, nazirliyin proqnozlar və təsnifat üzrə hesablamaları da özünü doğrultmayıb.
Bundan başqa faktiki olaraq bu gün fermer və sənayeçilər indiki halda kredit çatışmazlığından daha çox əziyyət çəkir. Bu iki təbəqə ən yaxşı halda dövlət büdcəsindən ayrılan kreditlərə ümid edə bilərlər. Təəssüf ki, bu mənbə də onların ehtiyaclarını ödəmək gücündə deyil. Bu ilin dövlət büdcəsindən sahibkarlığın inkişafına cəmi 80 milyon manat ayrılıb. Bu məbləğin özü məyusedicidir. Sahibkarların kreditə olan real ehtiyacı bu məbləğdən dəfələrlə çoxdur.

Başqa bir məqam isə kreditlərin verilməsində əsas prioritetlərin gözlənilməsidir. Bu kreditlər də ticarət və xidmət sektoruna istiqamətlənir, sənaye və aqrar bölmənin ehtiyacları yenə də ödənilməmiş qalır. Bu isə büdcə vəsaitlərinin effektiv xərclənməsinə bəri başdan şübhələr yaradır. Nəzərə almaq lazımdır ki, davamlı iş yerləri məhz sənaye və aqrar bölmədə yaradılır. Ona görə də büdcə vəsaitləri, böyük neft gəlirləri əsasən bu sektorlara istiqamətlənməlidir. İndi isə cari ilin aqrar-sektora ayrılan kreditlərinə diqqət edək:

İlin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilib.

Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat, texnikanın və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə isə 33 milyon manat pul ayrılıb. Üst-üstə cəmi 88 milyon manat.
Elə də böyük məbləğ deyil. Hətta Bakının bir küçəsinə, məsələn, Əzizbəyov dairəsindən hava limanına qədər olan yolun tikintisinə cəmi sahibkarlara verilən kreditdən 2 dəfə çox vəsait ayrılıb. Onu da nəzərə alsaq ki, bu ilin dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard manata yaxın pul ayrılıb, onda sahibkarlara demək olar ki, qəpik-quruş paylanır. Dəqiq desək, dövlət investisiya portfelinin cəmi 1,7 faizi sahibkarların kreditləşməsinə sərf edilib. Sahibkarlar isə maliyyə qıtlığından əziyyət çəkir, layihələrini yarımçıq saxlamalı olurlar. Qlobal maliyyə böhranın təsirləri nəticəsində yerli bankların kredit tranşlarını azaltması səbəbindən sahibkarların kredit əldə etmək imkanları demək olar ki, yoxdur.

Əlbəttə ki, ortada olan tək bir məqam odur ki, Maliyyə Nazirliyinin müvafiq strateji planlaşdırma və təhlil idarələri, o cümlədən də büdcə təsnifatı ilə bağlı məqamlar üzrə işləyənlər hansısa qaranlıq bir şərtlə aqrar sektora qarşı çox amansız və açıq ifadə etsək insafsız davranırlar.