“Sanki filmdəki pis adam mənəm” - Messi baş verənlərdən danışır

sanki-filmdeki-pis-adam-menem
Oxunma sayı: 3514

Argentina millisinin ulduzu Lionel Messi “Mundo Deportivo” nəşrinə gələcəyi ilə bağlı açıqlamalar verib. “Qafqazinfo”nun məlumatına görə, o, karyerası haqqında danışıb:

“Mən “Barselona”ya qayıtmayacağam, “İnter Mayami”yə keçirəm. Belə qərar verdim (müsahibə dünən olub). Bəzi şeylər əksikdir, amma səyahətə orada davam edəcəm. Həqiqət budur ki, başqa Avropa klublarından təkliflərim var idi. Amma mən onlar haqqında heç düşünmədim. Avropada yalnız “Barselona”da oynamaq istəyirəm. Dünya çempionu olduqdan, “Barselona”ya gedə bilmədikdən sonra futbolu fərqli şəkildə yaşamaq lazımdır. Gündən-günə həzz almaq üçün ABŞ liqasını seçdim. Bu mövsümün ortasında mundial oldu və bu bütün komandalara təsir etdi”. 

Leo PSJ-dəki günlərindən də söz açıb: “PSJ-də ilk il müxtəlif səbəblərdən çox çətin keçdi. Lakin sonradan özümü həm klubda, həm şəhərdə rahat hiss edirdim. Ailəm də hər şeydən razı idi. PSJ-də olarkən “Barselona” üçün darıxmışdım. Hazırda isə diqqət mərkəzindən uzaqlaşmaq, ailəm haqqında düşünmək istəyirəm. İndi dediyim kimi iki ili ailəmlə Parisdə çox pis keçirdim və bundan həzz almadım. “Barselona”ya uşaqlarımı görməyə gedirdim, Parisdə onlarla daha az məşğul ola bilirdim. ABŞ-a gedərək həm övladlarım üçün, həm də özüm üçün yeni düzən quracam”.

Dünya çempionu “Barselona”nın baş məşqçisi Xavi ilə söhbətləri ilə bağlı suallara bu cür cavab verib: ““Barsa”nın La Liqada qalib gəlməsi məni həyəcanlandırdı. Bütün ilboyu sabiq komandamı izlədim və onlara azarkeşlik etdim. Mən Xavi ilə çox danışıram. Bəzi oyunlardan sonra müzakirələrimiz olur. Həqiqət budur ki, məşqçi olandan sonra onunla sıx təmasımız yarandı. Xavini hər zaman dəstəkləyirəm. Prezident Xuan Laporta ilə az danışmışam. Bir və ya iki dəfə əlaqə saxlamışıq. Xavi mənə daha yaxındır. Bu gün də deyirəm ki, “Barselona”ya qayıtmaq istəyirdim, amma yaşadıqlarımı bir daha yaşamaq istəmədim. Nə olacağını gözləmək və hər şeyi zamana buraxmaq lazımdır. Bundan sonrakı bütün qərarlarımı ailəmə görə verəcəm. La Liqanın qayıtmağım üçün çox şey etdiyini bilsəm də, hələ də, baş verməli olan çox şey var. Eşitdim ki, “Barselona” oyunçularını satmalı və məni heyətə qatmalıdır. Ya da ki, bəzi futbolçuların maaşları azalmalıdır. Bununla razılaşa bilməzdim. “Barselona”dakı karyeramda düzgün olmayan bəzi şeylərə görə hələ də məni günahlandırırlar. Bundan yoruldum və daha belə şeylər eşitmək istəmirəm. Mənə görə futbolçuların satılması doğru deyil”.

Messi 2021-ci ildə “Barselona”dan ayrılarkən yaşananlara toxunub: “Ayrılmalı olduğum vaxt La Liqa əvvəlcə məni qeydiyyatdan keçirməyə razılaşdı, amma sonda mümkün olmadı. Eyni şeylərin yenidən təkrarlanacağından qorxuram.   Ailəm də Kataloniyaya qayıtmaq haqqında eşidəndə çox həyəcanlandı, lakin daha yaxşı düşünmək lazım idi. Əgər katalonlar hər şeyin məndən asılı olduğunu deyirsə, bu doğru deyil. La Liqa rəhbərliyi təsdiq versə də, çatışmayan çoxlu nüanslar var və onlar həll edilməlidir. Mən “Barselona” ilə İniesta, Serxio Buskets, Xordi Alba və Xavi kimi vidalaşmağı istəyərdim. Buna görə də “Nou Kamp”da azarkeşlərin mənim adıma mahnılar oxumasına çox sevindim. Oradan xoş şəkildə ayrılmaq və azarkeşlərlə vidalaşmaq istərdim”.

Əfsanəvi oyunçu “Barsa” ilə danışıqlarda pulun rol oynamadığını da açıqlayıb: “Əgər Kataloniyaya qayıtmamamğımın səbəbi pul olsaydı, mən Səudiyyə Ərəbistanına gedərdim. Onlar çox pul təklif edirdilər və bu normal hal deyil. Mənim qərarımın əsasında pul dayanmır. Bu başqa səbəblərə görə atılmış addımdır. “Barselona”dan ayrılanda ilk vaxtlar çox incik idim. O anda klubda qala bilmədiyimə qəzəblənmişdim. Sonra baxdım ki, “Barsa” bəzi oyunçularla böyük müqavilələr imzalayır. Bəlkə də orada mənim geri qayıtmamağımı istəyən insanlar var. Daha doğrusu, yüz faiz elə adamlar var və bunu ictimailəşdirirlər. Bir tərəfdən “Barsa” ilə pis hisslər var. Sanki ordan ayrılmağıma görə məni filmdəki pis adama bənzədirlər. Bunu da bəyənmədim. Çünki həqiqətlər başqadır. Mən karyeramı orada bitirib vidalaşmaq istərdim. Təbii ki, gələcəkdə də bu kluba yaxın olmaq istərdim. Barselona şəhərində yaşayacağım dəqiqdir. Bunu həyat yoldaşım və uşaqlarım da istəyir”.