Şəkidə hesabat yığıncağı keçirildi - Fotolar

sekide-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 956

Yanvarın 9-da Şəki şəhər Heydər Əliyev Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Şəki Şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hesabat yığıncağında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, deputatlar - Vüqar İskəndərov, Əli Məsimli, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi  önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığncaqda hesabat məruzəsi ilə çıxış edən Elxan Usubov yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Bildirilib ki, ötən il bizim üçün ən mühüm hadisə Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində müsbət nəticələrin əldə edilməsi olub. 2025-ci il, həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün böyük təntənə ilə qeyd edilməsi, həmçinin, ölkə üzrə keçirilən bələdiyyə seçkiləri ilə əlamətdar olub. Qeyd olunub ki, ötən ilin ən mühüm idman hadisəsi ölkəmizdə III MDB Oyunlarının keçirilməsi idi.

İcra başçısı hesabat dövründə 2025-ci ildə rayonda sosial-iqtisadi, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün şəkililər adından təşəkkür edib.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, deputatlar - Vüqar İskəndərov, Əli Məsimli, şəhid anası, Əməkdar müəllim Dursun Cavadova, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini - sektor müdiri (baş memar) Cahangir Nəbiyev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıblar, Şəki şəhərində ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışıblar.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib.