Sənin hər sözündə doğulduğun yer var,
tanıdığın adamlar ,
arzuların,
böyüdüyün ailə,
atan, anan.
Sənin kimliyində hər şeyin izi var.
Sən hər şey kimisən.
Sevgililərin var davranışlarında,
sevgilərin var,
İlişgilərində sabahdan daha çox
dünənin var.
Sən keçmiş kimi dayanırsan
dayananda.
Sən keçmiş kimi susursan
susanda.
Sən qədimnən də qədim gəlirsən adama.
Sənin tanrın da uzaqdır, əzəldir.
Sənin tanrın bəlkə də Zevsdir.
Sənin həyatın qövsdür.
Gedib, gedib qayıdırsan geriyə.
Ümidlərin də bağlıdır keçmişlə.
Sən çayı babam kimi içirsən-kişmişlə.
Səni görən kimi əcdadım düşür yadıma.
Keçmişdən ayrılmaq,
qopmaq sənə çətindir.
Keçmiş
kölgə kimi düşür yanaqlarına,
sən utananda üzün qızarmır,
göyərir,
qaralır,
sən utananda ölkəmin tarixi gözümdə canlanır.
sən utananda çox bənzəyirsən
bu tarixə .
qırmızı yox , qara olursan.
sən acımırsan Somalidən gələn xəbərə,
soyuqsan ölənlərə.
Sən çox ölüm görmüş kimisən,
bütün dünyanı basdırıb
gəlmiş,
tarixin dibindən cücərmiş
kimisən..
hər sözündə dünyanın əvvəli var, sonu yox...
****
Günlərdən ən gözəli
“başqası” nı unutduğundu.
Ayların ən gözəli
ard-arda güldüyündü .
İllərdən ən gözəli
Dekabrın 31 –i
təəssüflə ötürdüyündü...
sabah açılar- açılmaz adı ağlında
özü yanında olan adamdı səninki.
yol gedirsən ki, ona qovuşasan...
O adam səninçün
su - çörəkdisə
yadından çıxırsa ən böyük günahın,
özündən çıxıb xəyallarına yox
yaşadığın evə,
bişirdiyin xörəyə
çarpayına
hopursansa,
gözlərinə yalan batmırsa
ona baxanda
sən olmaq istərdim...
****
Ey qoca qartal,
nə olar, DİRİL!
bitirəm, bitirəm...
başım ürəyimə
ürəyim bədənimə ağır gəlir...
bu qadını apar, itir.
öldür!
kömək elə, ata
gücüm yetmir.
gücüm yetmir...
bu dəfə
heç vaxt olmayan kimi
atalıq elə, özünü yetir!
canımı qutar bundan
dözə bilmirəm, inan
dözə bilmirəm
apar içimdəki bu ağlağanı
bu inadkarı
Çərlədir...
***
Ehh, insan dərdləri,insan dərdləri...
İlahi, sən...
İlahi, siz...
heç billmirəm necə xitab etməli...
Ey Alilələri,
cəhənnəmdə bir qazan
cənnətdə bir şəlalə
yetir ayırmağa yaxşını pisi?
Ehh, insan nifrəti, insan sevgisi...
İlahi, sən ...
İlahi, siz...
Ey Aliləri,
Biz-
vur-tut bir ömrü olan
doğan, öldürən
ağlayan, gülən,
döyüşən, qucaqlaşan
yatıb, duran
yeyib, çıxaran
təkrarçılardan başqa
bir şey deyilik.
Dəyərmi bundan ötrü
“Allah ” olmağa ?
***
Axtarmaq , özləmək, ağlamaq...
Bir il, iki il, üç il...
Cümlə bitmədən qoyulan nidanın hökmündən
diksinib geri “çəkilmək”
Və yenə də feil...
****
sözü gedən adamnan danışıram
sözü gedən duyğudan...
və yalannan gülürəm ağacları,
dağları görəndə...
uşaqlıqda sevərdim onları
uşaqlığımda...
ağacların üstündən xeyli payız keçdi,
dağlardan xeyli rüzgar...
yayı sevirdim o vaxtlar
meşəni yurta bilirdim özümə
yamaclarda sevinirdim.
yayı sevərdim o vaxtlar..............................................eeee, o vaxtlaaar...
onda şair zad deyildim,
xoşbəxt idim, o qədər!
****
bir nəhəng gəmiydin
qucağındaydım
bir uçaqdın hündürdə
köksündəydim
bir atdın güclü...
üstündəydim...
dovşan oldun qəfildən.
kolluğa girən,
künc -bucaq gəzən,
adam səsindən
titrəyən,
hürkən.
Heyrət!
o gəmi sən idin?
o uçaq sən idin?
bu qaçaq sənsən?
Dalınca gəlmədim
ovçu deyiləm...