Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan altı ölkə yaxın zamanda vahid turist vizasının tətbiqinə başlayacaq.
“Qafqazinfo” “Khaleej Times”a istinadən xəbər verir ki, bu barədə Şuranın Baş katibi Jasem Məhəmməd əl-Budayvi bildirib.
Onun sözlərinə görə, yaxın zamanda həyata keçiriləcək layihə xarici ölkə vətəndaşları üçün region ölkələri arasında səyahətləri asanlaşdıracaq, layihənin özü isə Şengen vizasına bənzər olacaq.
Bununla belə, əl-Budayvi vizanın dəqiq nə vaxt tətbiq ediləcəyi, onun qiyməti, əldə edilmə prosesi və mümkün etibarlılıq müddəti haqqında heç bir açıqlama verməyib.
Qeyd edək ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir. Təşkilatın məqsədi üzv ölkələrin bütün sahələrdə əməkdaşlığının genişləndirilməsi, əsas beynəlxalq və regional problemlər üzrə ümumi mövqenin formaşdırılmasıdır.
Son xəbərlər
Son Xəbərlər