Seymur Baycan və Əli Əkbər nəyi tərifləyir? – II Yazı

seymur-baycan-ve-eli-ekber-neyi-terifleyir-ii-yazi
Oxunma sayı: 1098

Gürcüstanı görəndən sonra beynimdə yalnızca bir fikir dolaşırdı: “Azərbaycanda həqiqətən də inkişaf gedir”. Düzdür bu inkişaf üçün ayrılan pullarla, xərclənən pullar arasında ciddi fərq olsa da, yeyilən və yuyulan pullar millətin cibindən getsə də, inkişaf var. Ya da fikrimi başqa cür izah edim - Gürcüstanda inkişaf yoxdur. Tiflisin mərkəzi küçələrindən şəhər kənarına tərəf irəlilədikcə, ya da ümumiyyətlə paytaxtdan kənar rayonların vəziyyətinə baxdıqca adını tez-tez andığımız Hacıbala Abutalıbovluq xeyli iş gözə dəyirdi. Tiflislə bağlı təəssüratlarımı ayrıca bölüşəcəm. Hələlik Bakuriani səfəri...Bu kiçik qəsəbə də, yolda içindən keçdiyimiz kurort tipli şəhərciklər də, kiçik dükanlar, bir qəsəbədə güclə tapılan apteklər, salaş restoranlar, bir sözlə hər şey Gürcüstanın Azərbaycan üçün açıq bazar olduğunu göstərirdi. Azərbaycanlı sahibkarlar üçün xam bazar rolunu üstələnə biləcək bu ölkədə həqiqətən də investisiyalara, qısa desək pula çox ehtiyac vardı. İmkan verilsə Azərbaycanın orta və kiçik sahibkarlığı burdan çox yaxşı qazanc əldə edə bilər. Gürcüstanda aşağı səviyyədə rüşvət yoxdur, amma deyilənə görə korrupsiya var. Amma orda o qədər böyük məbləğlər “oynamır”, təbii Azərbaycanla müqayisədə xeyli kiçikdirlər...)))

Seymur Baycan və Əli Əkbər nəyi tərifləyir?

Məlumdur ki, Azərbaycanın mətbuatda və cəmiyyətdə az-çox tanınan insanları gedib oraları görüb-gələn kimi tərif deməkdən bihal olurlar. Bunun səbəbini araşdırmağa çalışdım. Gürcüstanın çox stressiz bir cəmiyyəti var. Ölkədə qarışıqlıq, mitinqlər olan zaman belə gürcülərin üzlərində gülüş əskik olmur. Xüsusən axşama doğru “samaqon” çaxırdan yanaqları allanmış insanlar evlərinin qarşısına, parklara çıxaraq söhbət edirlər. Ümumiyyətlə açıq havada zaman keçirməyi çox sevirlər. Millətcə “kompleksizidrlər”. Bu üzdəndə bu ölkə və oranın gözəl sakinləri bizim “içki düşkünü”, “azad” həyatı sevən, Azərbaycan qadınlarını sadəcə mentalitetimizə uyğun yaşadıqlarına görə yazı “seriyaları” ilə tənqidə məruz qoyan bu insanlar üçün çox cazib gəlir.

Ermənilərin Qars sevdası və dəniz iştaha

Getdiyimiz tədbirin keçirilmə tarixi 28 may ilə üst-üstə düşürdü. Orda öyrəndim ki, ermənilər də bu gün öz müstəqillik tarixini qeyd edirlər. Həmin gün bütün erməni qızları döşlərinə erməni bayraqları taxmışdılar. Onların qrupundan olan bir pəltək oğlan isə yana-yana o vaxtkı erməni hökumətinin geri çəkilməməsi nəticəsində Qarsı itirdiklərini anlatırdı. Mən istehza ilə “Qars nə vaxtdan sizin olub” deyə soruşanda, o cavab vermədən uzaqlaşmağı tərcih etdi. Hiss elədim ki, bu mövzuda polemikaya girmək istəmir. Bu söhbətin şahidi olah Azərbaycan qrupunun təmsilçisi Vüqar Adıgözəlov mənə Gürcüstanın Bazaletti qəsəbəsində keçirilən belə görüşlərindən birində baş verən hadisəni anlatdı. Dövlət emblemini göstərən ermənilər orda olan dəniz rəmzinin haranı əks etdirdiyi sualına cavab verə bilməyibmiş. Gürcü və azəri qrupunun da iştirak etdiyi söhbətə bu dənizin Qara dənizi, yoxsa Xəzər dənizini nəzərdə tutması barədə suallardan ermənilər bu günkü kimi qaçaraq can qurtarıblarmış. Ən azından belə görüşlər onların “qara sevdalarını” üzə çıxarır.

Ermənilərin cırıq bayraq sevinci

28 may günü biz otelin lobbisində orda izləyə bildiyimiz yeganə televiziya kanalı olduğu üçün çox “doğma” və “əziz” olan AzTV-yə baxarkən, bayraq meydanındakı möhtəşəm Azərbaycan bayrağı ermənilərin diqqətini cəlb etdi. Məlum oldu, ki, meydan təzə qurulan dövrlərdə bayrağımızın sökülməsi 1 ay erməni televiziyalarının gündəmində olub. Onların bu məsələnin nəyinə sevindiklərini anlamasam da, erməni qrupunun içindən bu informasiyanı bizə verən oğlana qarşı çox böyük aqressiya gördüm. Ermənilər “bunu deməklə nə əldə etmək istəyirdin”, “insanlarda niyə qıcıq yaradırsan” deyə dostlarını tənqid etdilər. Onların içində də zəkası olanlar varmış.))

Avropa gəncliyinin saxta plagiatları

Bakuriani səfərinin sonunda öz qrupumuz haqqında da bir-iki nüansı vurğulamaq istəyirəm. Qrupda fəxr etdiyim, Azərbaycan gəncliyini şərəflə təmsil edən gənclərlə yanaşı məni xeyli utandıranlar da var idi. Özlərini avropalaşmış, orijinal göztərməyə çalışan, amma öz həmcinslərindən (erməni, gürcü fərq qoymayaraq) siqaret, pivə dilənənlər də vardı. Onlar hətta bizim Qarabağla bağlı debatlarımızda “Azərbaycana ilk növbədə demokratiya lazımdır, Qarabağ ikinci dərəcəlidir”, “Qarabağ orda yaşayanlarındır” deməyə belə utanmadılar. Ad çəkə bilərdim, amma onlara dəyişmək üçün şans vermək lazımdır. Bu gün Azərbaycanı bəyənməməklə, Avropadan vətəndaşlıq almaq üçün yollar axtarmaqla üstlərindən bu Vətənin adını siləcəklərini zənn etməkdə yanılırlar. Unutmayın, tülkü nə qədər dolaşsa da, dönüb-dolaşıb gələcəyi yer kürkçü dükanıdır. Sabah onların dərilərini boğazlarından çıxarsalar (bu xasiyyətlə mütləq belə olacaq), onlar yenə bu məmləkətə üz tutacaqlar. Ana qucağı kimi...

Biz isə iştirak etdiyimiz treninqdən diplomlarımızı aldıq, iştirakçılarla vidalaşdıq. Yolumuz Tiflisədir...

(Ardı var)

Aynur İmranova