“Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün (əməyin ödənişi, sosial ödənişlər, ərzaq, dərman və ləvazimatlar) dövlət büdcəsi xərclərinin 38,9 faizi və ya 14,7 mlrd. manat vəsait istifadə olunub ki, bu da 2023-cü illə müqayisədə 304 mln. manat və ya 2,1 faiz çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Son 5 ildə (2020-2024-cü illər) sosialyönlü xərclər 4 mlrd. manat və ya 37,7 faiz artıb. Ötən ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin 18 faizi və ya 6,7 mlrd. manat vəsait yönəldilib. Həmin vəsaitin 52,4 faizi və ya 3,5 mlrd. manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərlə bağlı xərclərin payına düşür.
2024-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə dövlət büdcəsi xərclərinin 30,6 faizi və ya 11,5 mlrd. manat vəsait sərf edilmişdir ki, bu da 2023-cü illə müqayisədə 259 mln. manat və ya 2,3 faiz çoxdur.
Hesabat ilində kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və meliorasiya tədbirlərinə dövlət büdcəsi xərclərinin 7,6 faizi həcmində və ya 2,9 mlrd. manat vəsait sərf olunmuşdur. Bu 2023-cü illə müqayisədə 166,0 mln. manat və ya 6,2 faiz çoxdur”, - nazir bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər