Subay qadına ehtiyacdan “Ana” deyirəm...

subay-qadina-ehtiyacdan-ana-deyirem
Oxunma sayı: 12643

Elbrus Ərud

Birinci hissəni buradan oxuyun

Üçüncü kursda oxuyuram. Kəndə zəng edib atamla hal-əhval tutanda, nəsə səsinin yerində olmadığını hiss edirəm. İsrar etsəm də, heç nə demir. Məsələni öyrənmək üçün kəndə yola düşürəm. Məlum olur ki, yeni evlənən və bir övladı da dünyaya gələn qardaşımla durum yaxşı deyil. Gəlin acıq edib atasıgilə gedib. Problemin nədən qaynaqlandığını müzakirə edirik. Atam çox sakit şəkildə izah edir:
 
- Artıq bu evdə üç nəsil yaşayır. Bizim isə bir televizorumuz var. Mən rus kinolarına baxmaq istəyirəm, qardaşın türk seriallarına, nəvəm isə cizgi filminə. Adi bir televizoru paylaşa bilmirik. Bir evdə üç nəsil yaşaya bilməz. Kimsə güzəştə getməlidir. Güzəşt də odur ki, ananı da götürüb evdən çıxmalıyam. 
Elə də olur, həmin gün atam o evdən ayrılır... 

 
***
Sosial Müdafiə Nazirliyinin insanların təqaüd yaşına çatdıqları gün avtomatik olaraq telefonlarına SMS göndəriləcəyi ilə bağlı xəbərini oxuyuram. Yadıma atam düşür. Onun hələ 10 il əvvəl 45 il dərs dediyi məktəbdən məhz 63 (onda təqaüd yaşı 63 idi) yaşı tamam olan gün ərizə yazıb işdən ayrıldığını xatırlayıram. Atam öz dəqiqliyi ilə nazirliyin indi tətbiq etdiyi sistemi on il əvvəl qabaqlamışdı. 
 
***
90-cı illərin kasıb vaxtlarıdı. Bakıya, tələbə bacı-qardaşımın yanına ərzaq aparıb. Qayıdanda ağız-burnunun şişdiyini görürəm. Zarafatla onu kimin əzişdirdiyini soruşuram. Deyir ki, “28”dən keçəndə ayağım sürüşdü, zənbildəki yumurtalar qırılmasın deyə, yıxılanda əllərimi yuxarı qaldırdım. Ona görə ağzıüstə yerə dəydim... 
 
***

97-ci ildi. Birinci il testdən kəsildiyim üçün kənddə qala bilməyib xəcalətimdən Bakıya qaçmışam. “Neftçilər” metrosu tərəfdə binalardan birinin zirzəmisində yerləşən corab sexində qarovulçu işləyirəm. Burada corab toxuyan yaşlı subay qadınlardan birinə hardasa ehtiyacdan “Ana” deyirəm... O da məni “Oğlum” deyə çağırır. Bu “ana-oğul münasibətləri” yarızarafat-yarıciddi o qədər irəliləyir ki, bir gün onu atama alacağımı deyirəm. Bu barədə ailə məclislərində deyib gülə-gülə danışanda, anam birdən qayıdır ki, sənin üçün yaxşı olacaqsa, qoy alsın o qadını... İş böyüyür və günlərin birində atamı götürüb “anam”la tanış olmaq üçün onlara aparıram. Üçtərəfli razılaşmamız belədir ki, görüşdən sonra atam qalacaq, mən qayıdacam. Onların blokuna qədər sakit addımlayırıq. İçimdə qarşıq hisslər olsa da, təmkinimi qoruyuram. Blokun ağzına çatanda əlimdən tutub:

-  “Bir dəqiqə dayan” – deyir:

- Gülməkdən özümü saxlaya bilməyib “Niyə belə qorxursan?”- deyirəm.   

- Yox, qorxmuram. Sənin üçün hər şeyə gedərəm. Ancaq məsələ belədir ki, mən heç vaxt sənin anana xəyanət etməmişəm...

Güldüyüm yerdə gözlərim dolur və atamdan bu axmaq ssenariyə görə üzr istəyirəm.

***

“Palatka toyları” sanki tamaşaya bənzəyirdi. İndi artıq tarix kimi görünən bu toylarda kəndin hadisələri baş verirdi. Qız toyudursa, oğlanlar palatkanın çölündə olardı, oğlan toyudusa qızlar. Balacalı-böyüklü hamı toyxananı dövrəyə alıb oynayanlara baxardı. Toyun ən dramatik yeri “zakaz” üstündə yaranan mübahisələr, əlbəyaxa davalar olurdu. İstisnasız olaraq, bütün toylarda dava düşər, kimlərsə döyülərdi. Heç kimin bu davalara görə polisə şikayət etmək ağlına belə gəlməsə də, söz-söhbəti günlərlə kənddə gəzər, dava salanlar qiyabi formada məzəmmət olunardı.  Bizim evdən kimsə toya gedirdisə, atam mütləq dalınca qışqırıb deyirdi:
 
- Elə get-gəl, sabah məktəbdə kiminsə uşağına “düz otur” deyə bilim.  

Onun bu sözünə görə nə mən, nə də qardaşlarım bir dəfə də olsun toyxanaya girə bildik... Bəlkə də yeniyetməlik vərdişlərimiz yaranmadı deyə, indi də heç birimiz oynamağı bacarmırıq.

***

İl 93. 13-14 yaşındayam. Koroğlu dastanını yenicə bitirib oradakı qəhrəmanlar haqqında düşünürəm. Görəsən Koroğlunun qohum-əqrəbasından qalan varmı, Dəmirçioğlunun nəsli hansı nəsildir?.. Bu düşüncələr içində atamı görürəm. Ona yaxınlaşıb:

 - Ata, Koroğlunun nəslindən kimsə qalıb görəsən?

O, sakit şəkildə başının işarəsi ilə bir neçə gün əvvəl 19 yaşında şəhid olan qonşumuz Farizgilin evlərini göstərib deyir:
 
- Əlbəttə, onların evindəydi...

 ***
Xatirələrimin birinci hissəsini oxuyan atam zəng edir:
 
- Axırda qeyd edərsən ki, bu yazını atamla anamın evlənmələrinin 50 illiyinə həsr edirəm...  

Yadıma anamı necə götürüb qaçmağı ilə bağlı hekayəsi düşür. Bu, onun evliliyinin ilk hekayəsidi. Ailəmizlə bağlı hər şey bu hekayə ilə başlayır. 73-cü ildə, əsgərlikdən qayıdandan cəmi bir neçə ay sonra anasını itirir. Doğma bacı-qardaşsız, atasız-anasız evdə tək yaşamaq müşkülə çevrilir. Xülasə, anamı istəmək, elçi getmək üçün adam tapılmır. Özü nənəmin qarşısını kəsib anamı ona verməsini istəyir. Nənəm bu şəkildə qız istəməklə evlənməyin mümkünsüz olduğunu deyəndə atam öz çarəsizliyini belə ifadə edir:

- Tabaqda çörək o qədər boyat olub ki, itə atıram, it də yemir... 

Nənəm bu sözlərdən çox təsirlənir və elə həmin gün anamı götürüb qaçmasına icazə verir...