Süni intellektdən istifadəni dayandırmağı əmr etdi

suni-intellektden-istifadeni-dayandirmagi-emr-etdi
Oxunma sayı: 971

ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə süni intellekt şirkəti “Anthropic” arasında yaranan mübahisələrdən sonra bütün federal agentliklərə həmin şirkətin texnologiyasından istifadənin dərhal dayandırılması barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada “Anthropic” şirkətini sərt tənqid edib.

O bildirib ki, ABŞ “radikal solçu və hiyləgər” adlandırdığı bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək.

Prezidentin sözlərinə görə, “Anthropic” Pentaqonu öz xidmət şərtlərinə riayət etməyə məcbur etməyə çalışmaqla dəhşətli səhv edib və bununla da Konstitusiyanın prinsiplərinə zidd addım atıb.

“Buna görə də ABŞ-dəki bütün federal agentliklərə “Anthropic” texnologiyasından istifadəni dərhal dayandırmağı tapşırıram. Bizə bu lazım deyil, biz bunu istəmirik”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, “Anthropic” ilə ABŞ Müdafiə Nazirliyi arasında yaranan gərginlik Pentaqonun şirkətdən müqavilə şərtlərinə daha geniş və açıq ifadələr daxil etməsini tələb etməsi ilə başlayıb. Nazirlik “Anthropic”in “Claude” adlı süni intellekt modelinin “istənilən qanuni məqsəd” üçün istifadəsinə razılıq verilməsini istəyib. Şirkət isə bu formulun gələcəkdə texnologiyanın kütləvi daxili nəzarət sistemlərində və ya tam muxtar silah platformalarında tətbiqinə hüquqi əsas yarada biləcəyindən narahat olduğunu bildirib.

“Anthropic” rəhbərliyi qeyd edib ki, belə istifadə halları indiyədək Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələrdə yer almayıb və yeni şərtlər bu məhdudiyyətləri zəiflədə bilər. Şirkət xüsusilə süni intellektin fərdi məlumatların genişmiqyaslı və avtomatlaşdırılmış şəkildə toplanması yolu ilə “kütləvi nəzarət” alətinə çevrilməsi, eləcə də, insan müdaxiləsi olmadan qərar verən tam muxtar silah sistemlərinə inteqrasiyası risklərinə diqqət çəkib.

Müdafiə Nazirliyi isə bu cür tətbiqlərin artıq mövcud qanunvericilik və Pentaqon siyasəti ilə tənzimləndiyini bildirərək, əlavə məhdudlaşdırıcı dilə ehtiyac olmadığını vurğulayıb. Razılıq əldə olunmadığı təqdirdə “Anthropic”in təchizat zəncirindən çıxarıla biləcəyi və hətta Müdafiə İstehsalı Qanunu çərçivəsində tədbirlərin nəzərdən keçirilə biləcəyi barədə xəbərdarlıqlar da səsləndirilib. Məhz bu qarşılıqlı mövqe fərqi tərəflər arasında açıq mübahisəyə səbəb olub.