“Tağı İbrahimov televiziya adamı deyil” - Müsahibə

tagi-ibrahimov-televiziya-adami-deyil-musahibe
Oxunma sayı: 2899

Bu dəfə “Qapı”da “ATV İnternational” kanalının keçmiş rəhbəri, hazırda isə jurnalistikadan ayrılan, hüquq sahəsi ilə məşğul olan Bəhruz Məhərrəmovun həyatındakı qapıları açdıq. 29 yaşı var, ona gənc demək olar, amma gördükləri və təcrübəsinə görə çox yaşlı hesab olunur. Onunla ATV-nin keçmişindən başlayıb, hazırkı durumuna qədər, Azərbaycan ictimaiyyətinin gündəmini zəbt edən hər şeydən danışdıq. O, bizim televiziyadan gördüyümüz, eşitdiyimiz İraq, Liviya, Tunisdə baş verənlərin canlı şahidi olub...


- Sizi biz ATV telekanalından tanıyırıq. Həmin televiziyanın məşhur simalarından, həmçinin “ATV İnternational” kanalının da rəhbəri olmusuz. ATV ilə yollarınızı nə zaman ayırdız və niyə?
- Mən 18 yaşından, ilk “Xəbərlər ”proqramının əsası qoyulmağa başlayandan ATV-dəyəm. Əvvəlcə radio xəbər aparıcısı idim, 2003-cü ilin mart ayından 2010-cu ilin iyuluna qədər “Son xəbər” də müxbir, prezident müxbiri, redaktor müavini və redaktor oldum. ATV ilə yollarımızı ayırmağa gəlincə buna qeyri professional idarəçilik səbəb oldu. Təsəvvür edin Xəbərlər proqramında mənim müxbirimin İqtisadi İnkşaf nazirliyinin insan sağlamlığı üçün təhlükəli olan dondurmalara dair xəbərdarlıq süjeti yayımlanır, nazirliyin verdiyi siyahı elan edilir. Ardınca isə həmin dondurmaların təbliğinə həsr edilən reklam bloku efirə verilir. Bu xəbər proqramını və oranın əməkdaşlarına sayğısızlıq, dövlət orqanına isə saymazlıq idi. Təbii ki bu cür qeyri-peşəkarlarla işimi davam edə bilməzdim. Demirəm qərarı birbaşa verdim, yəni işdən ayrılmağım qarşılıqlı oldu. Digər tərəfdən mənim lap uşaqlıqdan hədəflərim bəllidir və mən həm də mediaya cəmiyyəti öyrənmək və özümü cəmiyyətə qəbul etdirmək üçün tramplin kimi baxmışam. Jurnalistika cəmiyyəti tanımaq, problemlərini bilmək üçün ən ideal vasitədir. Mən də həmin tramplini ən aşağı səviyyədən ali səviyyəyə qədər qalxmışam.

- Konkret desək siz ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovu qeyri-professionallıqda ittiham edirsiz, amma 10 ilə yaxın onun rəhbərliyi altında işləmisiz.
- Tağı İbrahimov çox yaxşı insandır, amma bu sahənin adamı deyil. Digərlərinə münasibətdə deyə bilmərəm amma mənimlə çox gözəl münasibətləri olub. Lakin o iş adamı idi – televiziya mütəxəssisi deyildi. Mənim bəxtim onda gətirdi ki, əhatəmdəki şəxslər – Rüstəm Əbülfətoğlu, Etibar Məmmədov kimi professionallar idi.

- Siz dediz ki, qarşılıqlı razılaşma əsasında ayrıldız. Yəni rəhbərlik də sizin ATV-də qalmağınızı istəmədi?
- Bilirsiz mən xaraktercə o qədər də yumşaq insan deyiləm, işimi itirmək qorxum da heç vaxt olmayıb, heç vaxt da ALLAHdan başqa heç kimə boyun əyməmişəm. Ona görə də, mənim getməyim onlar üçün bir az arzuolunan oldu. Amma istənilən halda dostcasına ayrıldıq və bu gün də hörmətlə salamlaşırıq.

- 18 yaşından jurnalistikaya gəldiyinizi dediz, birdən-birə çox məşhur olmusuz, TV-nin tanınmış siması, üstəgəl redaktora qədər qalxmısız. Bu onunla bağlıdırmı birinci hər sözü götürük, sonra isə bizə söz demək olmaz prinsipi ilə işləyirik. Hətta televiziya rəhbərləri bu məqamda işçilərin “şişdiyini” deyirlər.
- Bu sözdə də həqiqət var, amma Azərbaycanda yalnız “müştəbeh” insan 2-3 dəfə efirə çıxan kimi şişə bilər. Haqq üçün nəzərə alınmalıdır ki, insan inkişaf edir, əziyyətlə özünə status yığır, təcrübəsini artırır. Təbii ki, o ilk günkü münasibətlə razılaşa bilməz və razılaşmamalıdır. Məsələn siz Qənirə Paşayevanın ANS-də fəaliyyətə başladığı statusu ilə bu günkü statusunu bir tuta bilərsizmi?

- Bu gün o problemlərlə üzləşsəydiz, yenədəmi eyni reaksiyanı verərdiz? Çünki insan gənc olanda daha çılğın olur.
- Mən atdığım addımların heç birinə görə peşman deyiləm və İnşallah olmaram da. Bu gün də mənə təkliflər olur, amma televiziyaya qayıtmağı ümumiyyətlə fikirləşmirəm. Mən televiziyada missiyamı bitmiş hesab edirəm. Düzdür, müxtəlif səviyyələrdə əməkdaşlıq etdiyim media qurumları var və yazılarım gedir. Amma bu özünü ifadə formasıdır və mənim planlarımın bir hissəsidir. Açığı mən mediada olmaq istəyirəm. Amma artıq kameranın yanında yox qarşısında, yəni sual verən yox, cavab verən kimi. Mənim o vaxtım keçib. Çünki mənə həmişə pis gəlib ki, hansısa səviyyəsizin biri ağsaqqal bir adamın mikrofonunu itələyir və ya hansısa yaşlı bir jurnalist maddi ehtiyacdan simasını itirməyə məcbur olur.

- ATV-də artıq sizin bəyənmədiyiniz Tağı İbrahimovun zamanı bitdi, yeni bir dönəm başlayıb.
- (gülür) Mənim İbrahimovları bəyənməmək kimi iddiam yoxdur, hətta o zaman media orqanlarında onların müdafiəsinə qalxan, bəlkə də tək insan mən oldum və iki köşə yazısı da yazdım. İstənilən halda o mənim rəhbərim olub və bu gün də buradan ona öz hörmətimi ifadə edirəm. Amma həqiqətən də mən onların işini peşəkarlıq hesab etmirdim. Bəli, indi ATV-yə kifayət qədər professional, ziyalı adam rəhbərlik edir. Xəbərlərə də həmçinin. Bu gün görürsüz ki, ATV-nin xəbərlərinin statusu tamam dəyişib, efirdə xüsusi çəkisi artıb. Bu da çox doğru istiqamətdir, hər bir kanalın siması xəbərlər olmalıdır və əgər sənin siman şoudursa, istiqamətin ancaq pul qazanmağa yönəlibsə, bunun adı bazar olur. Mən indi kanalın inkişaf istiqamətini izləyəndə sevinirəm. Mənim istədiyim ATV formalaşmaq üzrədir. Professionallıq və ziyalılıq Vüqar Qaradağlının qanındadır və onu ilk təbrik edənlərdən biri də mən oldum. Gələcəkdə istənilən səviyyədə onunla əməkdaşlıq edə biləcəyimi diqqətinə çatdırdım. Təbii ki, jurnalistikaya qayıdıb işləməkdən söhbət gedə bilməz.

- Əminəm ki, simanızı izləyicilər unutsa da, səsinizi eşidən kimi tanıyacaqlar. Heyif deyilmi bu səsdən televiziya izləyicilərini məhrum etmisiz?
- Pis olmaz ki, bu səs parlamentin tribunasından və ya hakim kimi məhkəmə iclasından gəlsin.

- Belə görünür ki, siz də bir neçə jurnalist həmkarlarınız kimi parlamentə daxil olmaq istəyirsiz. Yoxsa hələ niyyətiniz var?
- Niyə də yox? Amma bu gələn seçkilərdə olacaq və ya növbəti dəfə, bu barədə danışmaq istəmirəm.

- Elə niyə bizim jurnalistlərimiz tramplin kimi jurnalistikadan birbaşa parlamentə istifadə edirlər?
- Hesab edirəm ki, şəxsən mənim biliyim və təcrübəm buna imkan verir. O ki qaldı keçmiş həmkarlarıma, jurnalist qədər cəmiyyətin bütün sferalarına bələd olan ikinci bir peşə sahibi yoxdur. Onların bu cəhdləri sadəcə alqışlanmalıdır.

- Qalmaqallı rüşvət videosundan sonra fikirləriniz dəyişmədiki?
- Yox, mən hesab etmirəm ki, kimləsə bu cür söhbətlər apara bilərəm. Halallıq mənim üçün dəyişilməz şərtdir. O ki qaldı qalmaqallı videoya, cəmiyyətimizi savadsız və qaragüruhçu olmamağa çağırıram. Jurnalistlər də bir az səbirli olmalıdır, özünü gülünc vəziyyətə salmamalıdır. Bu ölkənin qanunları var, təqsirsizlik prizumpsiyası deyilən bir anlayış var. Yəni sabah məhkəməmənin nə qərar verəcəyi bilinmir. Bu gün Gülər Əhmədovanın haqqında məhkəmə qərarı olmadığından məsələni ictimai müzakirələrəyə çıxartmaq, kimisə nədəsə ittiham etmək düzgün deyil. Bəli videoda baş verənlər utancdır. Amma məhkəmənin qərarını gözləmək lazımdır.

- Sizin İraqda xidmət etdiyinizi öyrəndik. Bizim ABŞ-ın sözü ilə, gözü ilə gördüyümüz İraqı siz necə görürdüz? Orda baş verənləri bizə doğrumu göstərirdilər?
- Mən ora jurnalist kimi deyil, sülhməramlı əsgər kimi getmişəm. İraqda 2004-2005-ci illərdə olmuşam. Prezident seçkilərində orda idim və xatırlayıram əlimizdə silahla Hummerlərin üstündə bütün gecəni patrul müşahidələri aparırdıq. Məncə, Amerika demokratiyası Amerika da gözəldir, Avropanın demokratiyası da Avropada. Onlarda keçərli olan demokratik dəyərlər Azərbaycan üçün hər bir vəziyyətdə keçərli deyil. Bunu nəzərə almaq lazımdır. Düzdür insan haqları ilə bağlı bəzi təməl dəyərlər var ki, onlar qəbul edilməlidir. Amma ümumilikdə Avropanın insan haqları ilə bağlı tələblərinin hamısını ucdantutma implementasiya etmək normal olmaz. Bu gün İraqda də əsas problem yerli mentalitetə əsaslanmadan qərb mühitini formalaşdırmaq cəhdidir ki, cəmiyyətdə radikal dilemmanı da məhz bu yaradır.

- İraqda nə yadınızda qaldı? Bu illər ərzində İraqı sizə xatırladan nədir?
- Təsəvvür edin, orda 3 saatdan bir sən oyanmalısan və posta getməlisən. İnsan orda yuxu hissini unudur, axşam növbəti dəfə yatmağa gedəndə yenə də sağ qaldığın üçün Allaha şükür edirsən. Xüsusilə də insanın burnunda silahın yağ iyi həmişə gəlir, çünki yatanda da silah yanımızda idi. Ən yadımda qalan an yanımıza minamyot mərmisinin düşməsi və zərbənin dalğasından yerə yıxılmağımız olub.

Bəs insanlar nə istəyirdi?
- İnsanlar ancaq yaşamaq istəyirdi...

- Siz həm də İctimai televiziyanın rəhbəri olmaq üçün namizədliyinizi irəli sürmüsüz, bizdə yaşlı nəsil vəzifəsini heç vaxt gənc nəslə asanlıqla vermək istəmir. Bu addımı atanda konkret hədəfləriniz var idi, yoxsa özünüzü sınayırdız?
- Yox bu mənim üçün yox Azərbaycan cəmiyyəti üçün sınaq idi və cəmiyyətimiz bu imtahandan kəsildi. Göstərdi ki, proteksiyasız bu şeylər mümkün deyil. Mən özüm bilərəkdən namizədliyimi sonuncu gün, hətta sonuncu saatlarda verdim , bu da İsmayıl Ömərov üçün əsl “sürpriz oldu. Artıq gec idi və hansısa başqa gənci alət edib mənim qarşıma çıxarmağa vaxtı qalmamışdı və beləliklə, telekanalın o zamanki direktoru başqa kanalın redaktoru ilə seçkidə baş-başa qalmalı oldu. O dövrdə cənab Ömərov da daxil olmaqla heç kim fikirləşmədi ki, bu insan özü namizədliyini verə bilər. Hamı fikirləşdi ki, kimsə yuxarıda məni dəstəkləyir və ya hansısa “monopoliyanın adamıyam.” Təsəvvür edin, Yayım Şurasının üzvləri ilə görüşümü başdan-ayağa lentə almaq barədə göstəriş verilmişdi.

- Belə böyük iddialarınız var idisə, niyə namizədliyinizi geri götürdüz?
- Mən Yayım Şrasının üzvləri ilə görüşdən sonra baxdım ki, hamısının mövqeyi bəlli olan insanlardır.

Yəni düşündüz ki, bu dəfə də İsmayıl Ömərov deyəcəklər?
- Mən fikirləşdim ki, artıq seçilib. Mən yenə də gedəcəkdim, amma həmin ərəfədə mənə “ATV İnternational” kanalında direktor olmaq təklifi gəldi və namizədliyimi geri çəkdim.

- İTV-nin bugünkü vəziyyəti, inamı göz önündədir. Siz İsmayıl Ömərovu geridə qoymaq üçün edəcəkdiz? Planlarınız nə idi?
- İsmayıl Ömərovun cənubi Azərbaycanla bağlı, mədəniyyət və incəsənət sahəsində, musiqi siyasətimizlə bağlı gördüyü işlər təqdirəlayiqdir. Düzdür, vaxtı ilə hazırladığı verilişlərdə müxalifət liderlərinin başını qara çərçivədə göstərən ittihamçı-jurnalistin siyasi balans yaratmasından söhbət gedə bilməz amma yenədə İTV-də siyasi balans yaratmaq olardı. Kanalın fəaliyyətini şəffaflaşdırmaq və Yayım şurasının üzvlərini daha da müstəqil insanlar cəlb etmək olardı.

- Bu gün online medianın operativləşməsi, siyasi balansı saxlaması, gündəmi tutması və bütün baş verən hadisələri detallarına qədər işıqlandırması televiziyanın nüfuzuna onsuzda zərbə vurur.
- Online media hamı üçün deyil. Ona görə ki, hamının internetdən xəbər alma imkanı yoxdur. Mənim üçün online media ən ideal vasitədir. Amma yaxın illərdə televiziyanın geri çəkiləcəyini düşünmürəm. Bu səbəbdən televiziya rəhbərlərinin də bu gün online media ilə rəqabət apara biləcək layihələri olmalıdır. Mən əgər televiziya rəhbəri olsaydım planlarımdan biri də internetlə media ilə rəqabətdə geri qalmamaq idi. Siyasi balansa gəlincə isə mən demirəm televiziyalara təsiri yoxdur, var. Amma əmin edirəm, bu gün hansısa televiziyada müxalif liderin efirə çıxarılmasına heç kim qadağa qoymur. Televiziyaların özlərində daxili xof var. “Bunu edərəm, birdən kiminsə xoşuna gəlməz.” Bilirsiz hakimiyyətdə bu istiqamətə cavabdeh olan insanlar, istər Ramiz Mehdiyev istər Əli Həsənov kifayət qədər savad və təcrübə sahibidirlər və hansısa müxalifət liderinin çıxışı altında əziləcək insanlar deyillər. Məsələn mən CNN kanalının eyni zamanda Azərbaycan üzrə əlaqələndiricisiyəm və bu günə qədər onların nə müxalifət nə digərləri ilə görüşünə maneçilik cəhdi görməmişəm. Əslində hakimiyyət maraqlıdır ki, bu insanlar efirə çıxsın və sabah qərbdən “müxalifətin səsi boğulur” deyə iddialar gəlməsin və ya insan haqların pozulması ilə bağlı siyahılarda Azərbaycanın adı çəkilməsin. Düzdür, nəzarət etməkdə maraqlı olan məmurlarımız var və onlar hələ də sovet psixologiyasında yaşayırlar. Çünki savadsızdırlar və qarşı tərəfin iddiaları qarşısında aciz qalacaqlarını bilirlər. Amma belə insanlar yaxşıki ali vəzifələrdə deyillər.

- Amma ANS nümunəsi var. Bağlanana qədərki ANS və açılan ANS. Hər şey göz qabağındadır.
- ANS-in Azərbaycanın tarixində rolu böyükdür. Amma mən son 15 ildə ANS-də radikallıq görməmişəm. ANS professionalların cəmləşdiyi və peşəkarcasına idarə olunan, amma imitasiya ilə məşğul olan kanaldır.

- Bəs ATV-də işlədiyiniz vaxtlarda digər telekanallarla rəqabətiniz necə idi. Xüsusilə də ANS-in zirvədə olduğu dönəmlərdə
- Mən həmişə demişəm ki, bugünkü xəbər jurnalistikasının banisi Mirşahin Ağayevdir. Lakin mən işlədiyim dövrdə rəqib görməmişəm. Çünki həmin dövrdə birmənalı olaraq ATV-nin xəbərləri 1 nömrə idi. Bu Xəzər TV formalaşana qədər davam etdi.

- “Xəzər TV” yenilik gətirdi?
- Yenilik olaraq bizim qaragüruhçuları ətrafında toplaya bildi. Müxtəlif partlayış səsləri və musiqilərlə bunu bacardı. Bu da əsl xəbər ənənəsini məhv etdi. O zaman mən buna ciddi etiraz edirdim, amma ATV-nin rəhbərliyi birmənalı olaraq iddia etdilər ki, həmin sistemə keçmək lazımdır və keçdilər. İndi imən ATV Xəbərdə köhnə üsluba qayıdış hiss edirəmvə buna görə də o kollektivi təbrik edirəm.

- “Xəzər”in o cür xəbər təqdimatı niyə yerini tutdu?
- İnsanlara səs-küy, şou lazımdır. Düzdür hamımız dildə tənqid edirik, amma biz şouya meyilli xalqıq.

- Bəhruz bəy, belə görünür ki, televiziyalarda işçilərə əməlli başlı fikirlərini ifadə etmək, etiraz üçün azadlıq verilib. Niyəsə mən bizim telekanallar barəsində ancaq yuxarılan sözü keçir deyə düşünürdüm.
- İbrahimovlar televiziya adamları deyildi, amma bir dəfə də onların jurnalistlərin səsini kəsdiyini görmədim. Sözümüzü həmişə keçirə bilməsək də deyə bilirdik. Amma o insanları daha çox reytinq maraqlandırırdı, bu zaman camaat səsə-küyə Xəzər Tv –yə qaçdığı üçün onlar reklam qazanmaq xatirinə forlamalmış sistemi dəyişdilər.

Amma ATV-nin də özünəməxsusluğu olub da
- Mən o kanalda işləyəndə həmişə ondan əziyyət çəkmişəm ki, bizə ATV maqazin deyiblər. Çünki həmin dövrdə xəbərlər kanalın daxilində əhəmiyyətinə görə sıfır səviyyəsində idi.

- Bəs ATV-dən ayrılandan sonra nə işlə məşğul idiz?
-Mən ATV-dən çıxandan həyat ideallarım uğrunda addımlayıram, təhsilimi artırmışam, bank sektorunda insan resurslarının idarə edilməsi istiqamətində özümdə ciddi təcrübə formalaşdırmışam, beynəlxalq təşkilatlarla işləmişəm, paralel olaraq professional tərcüməçiliklə məşğul olmuşam, Dünyanın onlarla ölkəsinə səyahət etmək imkanım olub. Hazırda MDB məkanında ən iri şirkətlərindən biri olan “Avromed” şirkətində hüquq şöbəsinin rəhbəriyəm. Burada sözün əsl mənasında özümü tapmışam, kifayət qədər sivil insanlar və mühit, sıx və yüklənmiş iş qrafiki, gənc və professional idarə heyəti və məni qane edən əmək haqqım. Yəni gələcək hakim və ya parlamentarinin daha da inkişafı üçün ideal şərait var.

- “Ərəb baharı” baş verən ölkələrdə hadisələrə birbaşa şahid olmaq necə hissdir? Bahar qoxusu duya bildizmi?
- Bizdə də insanların axına düşməsi var. Hər şey kampaniya xarakteri daşıyır. Bu bütün müsəlmanlara xasdır. Liviyada, Tunisdə, Misirdə də eyni şeylər yaşanır.

- Liviyanın, Tunisin İraqla fərqi var idi? Birincilər özü meydanı seçmişdilər.
- Onlar nə istədiklərini bilmirdilər. Çünki Qəddafinin dövründə insanların yaşayış şəraiti daha yaxşı idi, nəinki indi.

- Azərbaycanda necə baharın iyi duyulur?
- Mən həyata fəlsəfənin qanunları prizmasından baxmağı xoşlayıram. Xüsusən Hegel və Feyrbaxı mütaliə etməyi çox sevirəm. Bu alimlərin fikirləri barədə ən əsaslı ümumiləşdirməni isə Marks və Engels aparıb. Onlar inqilab və radikal dəyişikliklə bağlı berə bir qərara gəliblər ki, əgər aşağılar artıq köhnə qayda ilə yaşamaq istəmir, yuxarılar isə köhnə qaydada idarə edə bilmirsə inqilab qaçılmaz olur. Bizdə isə aşağıların əsas hissəsində partlayış həddində narazılıq görmürəm. Yuxarılar isə hələki idarəçilikdə səbatsızlıq göstərmir. Üstəlik bölgədə iri dövlətlərin maraqlarını nəzərə alanda görünür ki, belə proqnozlar boşboğazlıqdan başqa bir şey deyil.

- Bunlara qərbin oyunu deyirlər, xüsusilə də onları təbliq edən media qurumlarının. Bir dəfə Suriyada baş verən hadisəni CNN-in bir videosunda görmüşdüm. Bomba partdmadığı halda yalançı kadrlardan istifadə edir. Həqiqətənmi qərb telekanalları vəziyyəti çox şişirdirdilər?
- Sizə bir misal çəkim. Müxalifət aksiya keçirir, siz bizim telekanalların, və "Euronews"un verdiyi kadrlara baxın. “Euronews”a baxanda elə bilirik ki, aləm dağılır. Bizim kanallara baxanda görürük ki, 5-10 adamdır ora-bura qaçır.

- Siz bir jurnalist kimi..
Bilirsiz mən hələlik jurnalist adlandırılmağı istəmirəm.

- Nə səbəbə?
- Rəşad Məcid, Vaqif Aydınoğlu, Elburus Ərud, Zamin Hacı, Qulıu Məhərrəmli və s. kimi professionallar məndən inciməsin, mənim bir dostumun dili ilə desək bizim media iy gələn bataqlığa dönüb.

- Bəs bu iyli bataqlığın günahkarı kimdir?
- Bunun günahkarı nə dövlətdir, nə də media qurumlarının rəhbərləri. Günah təhsilsiz və savadsız jurnalistlərdədir. Onlar işlərini itirməkdən qorxduqları üçün işlərini vicdanla görmürlər. Bu gün hansı jurnalist müsahibə vermədiyi və ya onun peşə fəaliyyətinə mane olduğu üçün bir məmuru məhkəməyə verib? Jurnalistlər ancaq döyüldükləri zaman məhkəməyə üz tuturlar, bu da həmişə yox. Həm də daha çox haqqını aramaq deyil xaricədə sığınacaq almaq üçün.

- CNN-lə də əmkdaşlıq edirsiz?
- Bəli bu kanalın Azərbaycan üzrə əlaqələndiricisiyəm. Amma bu daha çox adminstrativ məsələdir.

- Siz bizim məşhur “Biləcəri” sərhədini keçənlərdən sayılırsız, bəlkə, ona görə bu cür düşünürsüz. Sərhəddən kənarda bizim media necə görünürdü?
- Bataqlıqda çabalayan çox istedadlı insanlara ürəyim yanır. Amma eks həmkarlarımın xeyli hissəsi bu cür yaşamağa nəinki adaptasiya edib, hətta bataqlıq qurusa onlar da məhv olacaq. Avropada jurnalist dövlət qurumundan informasiya istəyəndə, müraciəti cavabsız qalanda qanunvericiliklə həmin məmuru dizinə gətizdirir ki, cavab verməlisən. Biz də isə jurnalistlərin əksəriyyəti yaltaqcasına müraciət edirlər ki, bəlkə, cibimə pul qoydu.

- Sizi bəzi fikirlərinizə görə lap YAP-ın məmurlarına bənzətdim.
- Xeyr, bu YAP və ya digər partiya düşüncəsi deyil.

- Sizinlə həmsöhbət olduğum müddətdə Azərbaycan dilində çox aydın və konkret danışdığınızı görürəm. Tərcüməçi olmaqla yanaşı Azərbaycan dilini də yaxşı bilirsiz. Bu gün Azərbaycanda Azərbaycan dilində səlis danışanların sayı çox azdır. Sizcə, buna səbəb nədir? Niyə biz dilimizə biganəyik?
- Əslində insanların əcnəbi dilli olması normal bir şeydir. Ailədə də hansı dildə danışmaq insanın təbii hüququdur. Sadəcə biz də sonradan öz üzərində işləmək mədəniyyəti formalaşmayıb. Məsələn cənab prezident ARDNŞ-də işləyərkən müsahibələrində Azərbaycan dilində o qədər də ali səviyyədə danışmırdı, amma indi kifayət qədər səlis danışır.Əgər bu insan bu qədər işin arasında öz üzərində işləməyə vaxt tapırsa, deməli, digərləri də bunu edə bilər. Ölkənin parlamentindəsənsə, məmurusansa bu dili birmənalı olaraq bilməlisən. Məsələn mən parlamentdə çıxışları zamanı Əli Hüseynov, Səməd Seyidov, Cavanşir Feyziyev, Nizami Cəfərov kimi insanları zövqlə dinləyirəm, məhz təmiz dil-üslubuna görə. Dil millətin ruhudur.

- Elə ruhu demişkən, yəqin fikir vermisiz Azərbaycanı Eurovisionda kim təmsil edirsə, dilimizi çox bərbad bilir.
- Doğurdan da bu çox dözülməz haldır. Biz də elə bir düşüncə var ki, Azərbaycan dilli insanlar rus dillilərdən savad və intelligent baxımından geridədirlər. İsmayıl Ömərov Azərbaycan dilində kifayət qədər səlis danışan insandır, amma seçimi apararkan hansı meyarı nəzərə alır bilmirəm. Son hadisələr də göstərir ki, cənab Ömərovun buna səlahiyyəti və gücü çatır. Məncə, ilk olaraq Azərbaycan dilini bilmək müsabiqədə şərt qoyulmalıdır, çox da istedadlı olsun. Əgər belədirsə, maliyyə imkanları Azərbaycanın şans verir ki, hətta Madonnanı milliləşdirib Avroviziyaya göndərsin.

- Gələcək planlarınızdan söz etdiz. Bənzəməyə çalışdığınız insan var?
- Konkret olaraq kiməsə bənzəmək istəmirəm, həm də artıq yaş o yaş deyil. Amma fəaliyyətini məmnuniyyətlə izlədiyim və öyrəndiyim insanlar var. Azərbaycandan PA-nın şöbə müdiri Əli Həsənov, hüquqşunas Adil Minbaşı, Cinayət hüququ üzrə ən ali mütəxəssis hesab etdiyim Ali Məhkəmənin hakimi Əli Rüstəmov və ADA-nın rektoru Hafiz Paşayev mütəmaddi fəaliyyətini izlədiyim və öyrənməyə çalışdığım insanlardır. Xaricdən isə bu tip insanların sayı çoxdur və həqiqətən bu mənə hüqiqi-siyasi baxışlarımın inkşafında yardımcı olur.

Siz Heydəri nəslindəsiz bu barədə bizə bir az məlumat verin?
- Heydəri – Səfəvi sülaləsindən ayrılmış şəcərədir və Şah İsmayıl Xətainin atası Şeyx Heydərin adı ilə formalaşıb. Nadir Şahın zamanında Ərdəbildən o zamanki Şirvana köç etmiş köklü bir nəsildir.

Evlisiz?
-Evliyəm. Ailəm həyatda ən böyük sərvətim, ən böyük qazancımdır. Toğrul adlı bir oğlum var, xanımım isə universitetdə dərs deyir.

Günel Əbilova