Tanrının ayağı...

tanrinin-ayagi
Oxunma sayı: 3903

Əslində, həmin videonu gördüyüm an bu haqda danışmaq yox, yazmaq lazım olduğunu anlamışdım, amputantlardan ibarət “Qarabağ” futbol komandasının oyunçusu Sənan Hacıyevin “Neftçi”nin qapısına vurduğu həmin möhtəşəm qolu nəzərdə tuturam. Top qarşısında havalanır, qazi bir vaxtlar – hər iki ayağının üstündə olduğu zamanların xatirəsinə qayıdır, hər iki qoltuqağacını tullayıb, tək ayaqla arxaya akrobatik zərbə vurur. Möhtəşəm sıçrayış, möhtəşəm qol...

Yazını yazmadan əvvəl düşündüm ki, jurnalistlər tezliklə Sənanı danışdıracaqlar. Görək özü həmin anla bağlı nə düşünür...

Çünki o, an Sənan ayağı amputasiya olunmuş bir futbolçu kimi görünmədi, Qarabağda top qarşısında duran bir qazi oldu.

Minlərlə gözəl qol görmüşük, etiraf edək ki, beləsi dünyanın heç yerində görülməyib. Bu fantastik epizod dünyanın ən gözəl qolları sırasında sərgilənməlidir. Çünki paralimpiyaçının olimpiya çempionu olması kimi bir istisnadır bu qol.

Bu, qolu yox, ayağı olmayan bir amputantın qolu idi.

Belə bir pritça var:

Oğlunu cüdoçu olmağa həvəsləndirən ata günlərin biri qəza törədir və onunla eyni maşında olan övladının qolu ambutasiya edilir.

Bu hadisədən sonra nə qədər çalışsa da, körpəsinə deyə bilmir ki, arzusunu dəyişsin. Bir cüdoçu məşqçisindən xahiş edir ki, uşağı bir müddət yola versin, onsuz da zamanla həvəsdən düşəcək.

Ancaq belə olmur, uşaq nəinki həvəsdən düşür, əksinə, uğurları sıralayır.

Günlərin bir günü həmin uşaq müəllimindən soruşur:

- Mənim xüsusi bir bacarığım yoxdur axı. Necə olur ki, bütün finallarda qalib oluram?

Müəllimi cavab verir:

- Sən bütün rəqiblərinə eyni fəndlə qalib gəlirsən. Bu fənddən çıxmaq üçün gərək rəqibin sənin sol qolundan tuta. O da səndə yoxdu.

Təbii, bu, bir çağdaş pritçadır. Reallıq isə odur ki, insana bəzən çatışmazlıqları kömək edir. Daha doğrusu, çatışmazlıq hesab etdiyimiz o boşluq. Boşluq isə, həm də, ən ali dəyərlərin adıdır.

Bəzən insana sadə durumlarda belə vacib olan orqan ən kritik anda lazım olmur.

Sənan Hacıyev həmin qolu vurarkən ona nəinki olmayan ayağı lazım oldu, hətta ayaqsızlıqdan sonra əlindən tutan qoltuqağaclarını da bir yana tulladı. Qaçanda, gəzəndə, daim qoltuğunda olan həmin ağaclar, ən kritik anda – akrobatik hərəkət zamanı futbolçuya gərək olmadı. Bəlli oldu ki, bir ayaqla nəinki ayaqüstə durmaq, hətta səmaya dırmanmaq, uçmaq da olur.

Və Sənan o an Əttarın “Şeyx Sənan”ına çevrildi, o Əttarın ki, bir an əvvəl “Məntiqüt-teyr”i (Uçmağın məntiqi”ni) yazmışdı.

Ancaq pritçalar və deyimlər fonunda yetişdiyimiz bu reallıqdan savayı bir sürreallıq var: İstəməyin irrasional məziyyətləri.

İstəməyi... Sadəcə istəməyi bacarmaq lazımdır. İstəmək işin hamısıdır, işin içində “səma” və “istəmək” varsa, gerisi təfərrüatdır. Necə ki 38 il əvvələ qədər hamı 168 sm boya malik Dieqo Maradonanı dünyanın ən balacaboy futbolçularından sayırdı. Sonra isə bu sayımı Tanrı davam etdirdi: 168, 169, 170 və s...

Məhz 1986-cı ildə İngiltərə millisinə əli ilə vurduğu qoldan sonra Maradonanın əsl boyu bəlli oldu: “168 sm + Tanrının əli”.

O qol Maradonanın haqqı idi, Tanrı isə ona həmin topa yetişəcək qədər boy verməmişdi, ona görə də o an Tanrı “səhvini” düzəltdi, Maradonanı bir az ucaltdı.

Sənan da həmin qolu sadəcə vurmaq istəmişdi. Elə bil böyük bir çanaq partladı, insan içindən başqa bir insan çıxdı, görünməz ayağı ilə qolu vurub sonra qeyb oldu. 38 il sonra, yenidən.

Hərəsi bir yana düşən çəliklər də sanki o partlayışdan sonra nəyinsə kənara sıçrayan qalıqları idi...

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün