“Sabah”ın futbolçusu Tellur Mütəllimov Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna vurduğu həlledici qoldan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində həmin anlardan söz açıb:
“Həmin vaxt fikirləşmirdim ki, oyuna girəcəm. Hamımız ayaqüstə idik. Məşqçi dedi ki, hazırlaş və oyuna daxil ol. Bizim komandada çox zaman sağ cinah müdafiəçisi müdafiəyə daha çox diqqət ayırır. Meydana daxil olarkən məşqçiyə dedim ki, hücuma daha çox çıxa bilərəm, sona kimi gedə bilərəm? Dedi ki, oyna. Meydana daxil olduqdan sonra o qədər qaçdım ki...
Çünki isinmə hərəkətlərini də çox etməmişdim və belə sprinlər adamı yorur. Həmin 5 dəqiqə ərzində sanki 90 dəqiqə oynamış kimi yorulmuşdum. O dərəcədə tənginəfəs olmuşdum. Həmin qola qədər bizim etdiyimi 3 hücumun hamısında iştirak etmişdim. Zərbə vurdum, top rəqib oyunçuya dəyib çölə çıxdı. Sonra künc zərbəsini yerinə yetirdim, Orfe başla vurdu, yenə künc zərbəsi oldu və Timoteuş Puxaçın küncdən ötürdüyü topdan sonra qol vurdum. Puxaç da o qədər hərəkət etmişdi ki, sanki ölmüşdü. Qoldan sonra yerə uzandı və orda çox gözəl bir görüntü yarandı.
Bu qol ev tapşırığı deyildi. Sadəcə Puxaç künc zərbəsini yerinə yetirərkən məqsədi birinci müdafiəçidən topu keçirmək idi. Ordan keçdisə, təhlükə yaranmaq, qol ehtimalı böyükdür. Qapıçımız Stas Pokatilov da orda idi. Adətən belə anlarda top onların önünə düşür. Dedim ki, mən arxadayam əgər nəsə olsa, zərbə vuracam. Həm də dedim ki, Stas top arxa tərəfə gəlsə, rəqib oyunçuları saxla, onlara blok qoy. Top gələn zaman onu qapıya vurmaq da çətin idi. Çünki trayektoriya yaxşı deyildi. Əlimi də qaldırmışdım həmin epizodda. Bəlkə də Puxaç görüb ora ötürmə verdi və bunu özündən soruşmamışam. Amma elə zərbə vurdum ki, top istədiyim yerə getdi”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə 5:2 hesabı ilə qalib gələrək turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər