Tibb müəssisələrində yenilik!

tibb-muessiselerinde-yenilik
Oxunma sayı: 17145

“Səhiyyənin rəqəmsallaşdırılması, informasiya texnologiyaları və idarəetmə sistemlərinin təmin olunması prioritet hesab edilən ölkəmizdə bütün sahələrin avtomatlaşdırılması Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub”.

Yeni Klinikanın Azərbaycanda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını əldə etməsi üçün aparılan işlər barəsində “Qafqazinfo”ya açıqlama verən TƏBİB-in İcarçı direktoru Vüqar Qurbanov bildirib ki, ABŞ-nin “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə “HIMSS”in önəmli yetkinlik modulu hesab olunan “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğu 2 il ərzində aparılan intensiv işlərin nəticəsidir.

V.Qurbanov vurğulayıb ki, bu, informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunan beynəlxalq sertifikatdır:

“Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə olaraq Yeni Klinikanın timsalında bir tibb müəssisəsi bu təşkilata məxsus beynəlxalq dərəcəli sertifikat əldə etməsi bizim üçün, Azərbaycan səhiyyəsi üçün çox böyük uğurdur.

Bilirsiniz ki, bu gün dünyada xəstələrin və ümumilikdə bütün məlumatların təhlükəsizliyi ciddi tələb edilir. Xəstə məlumatlarının qorunması, onların kənara sızmaması, məlumatların təhlükəsizliyi ciddi tələblərdən biridir. Burada vacib olan odur ki, prosesin düzgün idarə edilməsi, xəstəyə təyin olunmuş müalicələrin düzgün həyata keçirilməsi ilə xəstəyə daha keyfiyyətli tibbi xidmətin təşkil olunmasına, xəstənin həm qidalanması, həm də dərman təminatının ən üst səviyyədə təşkil olunmasına, eləcə də xəstə məlumatının kənara sızmasının qarşısının alınmasına nail olunur. Bu, həm xəstələr, həm də tibbi personalın tam təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün bir sertifikatın əldə olunmasıdır”.

Səhiyyə sahəsində rəqəmsallaşma, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin sürətlə genişlənməsi, eləcə də TƏBİB tərəfindən bu istiqamətdə həyata keçirilən layihə və tədbirlər barədə məlumat verən V. Qurbanov  bildirib ki, artıq TƏBİB tabeliyindəki xəstəxanalarda pasiyentlərin qeydiyyatı elektron formada aparılır.

Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatı almasını böyük nailiyyət adlandıran İcraçı direktor qeyd edib ki, bu sistem xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcək.

Qeyd edək ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.