Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Separadi kəndi ərazisində, körpü üzərində qeydə alınıb.
Belə ki, Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkin oğlu Hacıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı iki rabitə dirəyini qoparıb. Daha sonra maşın çay üzərindəki dəmir körpüyə çırpılıb və körpünün dəmir konstruksiyasını qıraraq təxminən 20 metr hündürlükdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ü.Möhübbətovun xəsarətləri ağır olub və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, həyatını itirən gəncin Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhübbətovun övladı olduğu bildirilir. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 23:55 radələrində Lənkəran rayonunun Separadi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nayihələrinin travması, qapalı kəllə-beyin travması, aqonal vəziyyət diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərdən bir nəfər vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, digər yaralı 2005-ci il təvəllüdlü şəxsə aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb”.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər