UEFA illik gəlirini açıqladı

uefa-illik-gelirini-aciqladi
Oxunma sayı: 567

UEFA 2024/2025 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ümumi gəlirlər ötən mövsümlə müqayisədə 737 milyon avro artaraq rekord səviyyəyə çatıb.

Bu maliyyə sıçrayışının əsas səbəbi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının yeni formatda keçirilməsi və bununla da oyun sayının artmasıdır. Təkcə kişi klub turnirlərindən əldə olunan gəlir 4,4 milyard avroya yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 690 milyon avro çoxdur.

Qeyd edək ki, gəlirlərin artması iştirakçı komandalara ödənilən mükafat fonduna da birbaşa təsir edib. Belə ki, klublara edilən ümumi ödənişlərin həcmi 400 milyon avro artaraq 3,4 milyard avroya çatıb. Eyni zamanda, UEFA kiçik klubların dəstəklənməsi üçün həmrəylik ödənişlərinin payını ümumi gəlirin 7 faizindən 10 faizinə qaldırıb. Bu qərar nəticəsində əsas mərhələlərdə iştirak etməyən klublara ayrılan 308 milyon avroluq vəsait ötən illə müqayisədə 76 faiz artım deməkdir.

Hesabatda qadın futbolu və gənclər liqasına ayrılan diqqət də xüsusi qeyd olunub. Belə ki, UEFA Gənclər Liqası və qadınlar arasında keçirilən klub yarışlarının inkişafına əlavə 25 milyon avro yönəldilib. Bu maliyyə nəticələri UEFA-nın 2024-2027-ci illəri əhatə edən yeni iqtisadi modelinin ilk uğurlu göstəricisi hesab olunur.