“Ukraynadakı qazimizin azadlığa çıxması üçün bütün addımlar atılacaq”

“Ukraynadakı qazimizin azadlığa çıxması üçün bütün addımlar atılacaq”
Oxunma sayı: 3161

Dünən Kiyev Apellyasiya Məhkəməsində Vətən müharibəsi qazisi Misir Qasımlının iyulun 13-də Obuxov məhkəməsinin qərarından verilən (təqsirləndirilən şəxsin həbs müddətinin iki ay artırılması) apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) yayıb.

Məlumatda bildirilir ki, məhkəmə prosesində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, İdarə heyətinin üzvləri, ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları və digər şəxslər iştirak edib. Prosesdə UABD-nin vəkili Anatoliy Volkov məhkəməyə təşkilatın sədri Hikmət Cavad və İdarə Heyətinin üzvü Fail Abidovun qazimizin zaminə götürülməsi ilə bağlı vəsadətlərini təqdim edib.

Bundan başqa, sədr müavini Elşad İbrahimov, İdarə Heyətinin üzvləri Fail Abidov və Vidadi İsrafilov çıxış ediblər. Çıxışlara və UABD-nin vəkili Anatoli Volkovun verdiyi vəsadətlərə baxmayaraq, Kiyev Apellyasiya Məhkəməsi Obuxov məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

UABD bəyan edir ki, sentyabr ayında baş tutacaq növbəti məhkəmə prosesinədək qazimizin azadlığa çıxması üçün bütün hüquqi addımları atacaqlar: “Qazimiz Misir Qasımlının məhkəmə prosesi diqqətimizdədir. Onun azadlığı üçün bütün hüquqi prosedurlara baş vuracağıq. Həm UABD olaraq, həm də şəxsən mən və İdarə Heyətinin üzvü Fail Abidov qazimizi zaminə götürmək istəyirik. UABD-nin vəkili hazırda bu işlə çox ciddi məşğuldur”.