“Valideynin işləməsi ailənin imkanlı olması demək deyil”

valideynin-islemesi-ailenin-imkanli-olmasi-demek-deyil
Oxunma sayı: 481

“Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, həyatın reallığı göstərir ki, hər iki valideyni işləyən, lakin gəliri ailənin zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən ailələr də kifayət qədər çoxdur: “Kirayəhaqqı, kommunal xərclər, ərzaq, müalicə, digər gündəlik ödənişlər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Belə bir vəziyyətdə valideynlərin işləməsi həmin ailənin təhsil haqqını rahatlıqla ödəyə bilməsi anlamına gəlmir. Əksinə, bəzən ailə övladının təhsilini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etməli olur. Ona görə də hesab edirəm ki, təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən yalnız valideynlərin işləyib-işləməməsi deyil, ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır.

Mən burada bütün işləyən valideynlərin avtomatik olaraq sosial statuslu təhsil krediti almasını nəzərdə tutmuram. Təklifim daha ünvanlı və ədalətli mexanizmin yaradılmasıdır”, - deputat əlavə edib. 

Nuranə Daxilqızı