“Vaşinqtonda imzalanan sənədlər sülh üçün yeni imkanlar yaradıb”

vasinqtonda-imzalanan-senedler-sulh-ucun-yeni-imkanlar-yaradib
Oxunma sayı: 231

Davamlı sülh yalnız siyasi iradə, diplomatik təşəbbüs və uzunmüddətli strateji baxış nəticəsində mümkün olur. Cənubi Qafqazda son illər baş verən proseslər də göstərir ki, regionun gələcək təhlükəsizlik arxitekturasını artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli müəyyənləşdirir. Bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərən addım kimi qiymətləndirilir.

Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi Bakı ilk gündən bəyan edib ki, müharibənin nəticələri siyasi masada hüquqi çərçivəyə salınmalı, dövlətlərarası münasibətlər beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməlidir. Sonrakı mərhələdə irəli sürülən beş baza prinsipi isə iki ölkə arasında sülh sazişinin hüquqi-siyasi təməlini formalaşdıran əsas konsepsiya kimi diqqət çəkib. Bu mənada sülh prosesinin təşəbbüskarı, onun məzmununu və hüquqi konturlarını müəyyən edən tərəfin Azərbaycan olduğu fikri həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən tez-tez vurğulanan məqamlardan biridir.

Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər isə həmin prosesin növbəti mühüm mərhələsi kimi tarixə düşüb. ABŞ-nin vasitəçilik səyləri, Prezident Donald Trampın prosesə göstərdiyi siyasi dəstək, tərəflər arasında aparılan intensiv diplomatik təmaslar və liderlər arasında formalaşan birbaşa dialoq sülh gündəliyinin irəliləməsində mühüm amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət kursu, beynəlxalq tərəfdaşlarla qurduğu siyasi münasibətlər və ardıcıl diplomatik xətt isə regionda yeni status-kvonun formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.

Normallaşma prosesinə təkan verən Vaşinqton Sammiti

Sülh prosesinin ötən bir il ərzində keçdiyi mərhələni dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Vaşinqton Sammitinin normallaşma prosesinə mühüm təkan verdiyini bildirib.

Onun sözlərinə görə, sülh prosesi Vaşinqton Sammitindən əvvəl başlayıb və bu prosesin təşəbbüskarı Azərbaycan olub. Prezident İlham Əliyevin irəli sürdüyü prinsiplər əsasında sülh sazişinin layihəsi hazırlanıb, danışıqlar əvvəlcə Avropa İttifaqının vasitəçiliyi, daha sonra isə ikitərəfli formatda davam etdirilib.

Fərid Şəfiyev qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın prosesə qoşulması və Vaşinqton Zirvə görüşünün keçirilməsi normallaşma prosesinə əlavə dinamika qazandırıb. Onun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı irəliləyiş və TRIPP layihəsinin gündəmə gəlməsi sülh prosesinə ciddi təkan verib. BMTM sədri vurğulayıb ki, normallaşma prosesi sülh sazişi, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi olmaqla, üç əsas istiqaməti əhatə edib. Hazırda prosesin tam başa çatması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi, TRIPP layihəsinin reallaşdırılması və delimitasiya işlərinin davam etdirilməsi vacib amillərdir.

Vaşinqtonda imzalanan sənədlər Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni imkanlar yaradıb

Sülh prosesinin perspektivləri qiymətləndirilərkən diqqət çəkən əsas məqamlardan biri də Vaşinqtonda əldə olunan razılaşmaların praktiki nəticələridir.

Milli Məclisin deputatı Nigar Məmmədova Vaşinqtonda imzalanmış sənədlərin yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Deputatın sözlərinə görə, sənədlər regionda etimadın möhkəmləndirilməsi, kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, tərəflərin keçmiş düşmənçilik səhifəsini bağlamaq, revanşizm və qisas cəhdlərini rədd etmək barədə öhdəliyi Cənubi Qafqazda etimad mühitinin formalaşmasına xidmət göstərir.

Deputat vurğulayıb ki, hazırkı mərhələdə əsas məqsəd əldə olunan nəticələrin davamlı sülhə çevrilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsidir. O, bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmaların və Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinin Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Təhlükəsiz region, daha çox investisiya, yeni nəqliyyat marşrutları, biznes mühitinin inkişafı

Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundovanın fikrincə, Vaşinqtonda əldə olunan razılaşmalar təkcə diplomatik nəticə deyil, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

G.Axundova bildirib ki, son illər sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər. O qeyd edib ki, Vaşinqtonda qəbul olunan sənədlərdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirib.

G.Axundovanın sözlərinə görə, təhlükəsiz region daha çox investisiya cəlb edir, yeni nəqliyyat marşrutlarının yaranmasına şərait yaradır və biznes mühitinin inkişafına təkan verir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilməsi perspektivi də məhz uzunmüddətli sülhdən keçir. Bu baxımdan Vaşinqton görüşünün nəticələri yalnız bugünkü siyasi reallıqlarla deyil, gələcək onilliklərin inkişaf strategiyası ilə də əlaqələndirilir.

Bir il əvvəl Vaşinqtonda atılan addımların nəticələri bu gün də Cənubi Qafqazda gedən siyasi proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır. Sülh gündəliyinin irəliləməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi-kommunikasiya layihələrinin gündəmə gəlməsi göstərir ki, əldə olunan razılaşmalar təkcə həmin dövrün diplomatik nailiyyəti deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələlərdən biridir.

Qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş razılaşmaların praktiki icrası, yekun sülh müqaviləsinin imzalanması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsidir. Əminliklə qeyd edə bilərik ki, bu prosesin uğurla başa çatması Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə mühüm töhfə verəcək.

AZƏRTAC