“Veysəloğlu” “YAŞAT” Fonduna 30 min manat ianə etdi

veyseloglu-yasat-fonduna-30-min-manat-iane-etdi
Oxunma sayı: 3961

İanə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilən vəsait hesabına olunub.

“Veysəloğlu” Şirkətlər Qrupunun, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə ənənəvi olaraq, “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Zəfər Gününə həsr edilən sərgidə ictimai xadimlər, xalq rəssamları, əməkdar rəssamlar, sənətşünaslar, qəhrəmanlara və onların ailələrinə maddi və mənəvi dəstək olmaq istəyən insanlar iştirak ediblər: 

Açılış mərasimində çıxış edən “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədrinin birinci müavini Səlhab Məmmədov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.

Sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunub. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə edilib, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilib.

“Veysəloğlu” Şirkətlər Qrupu şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq “Veysəloğlu” Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.