Yutub platformadakı videoların baxış sayını hesablama qaydasını dəyişir.
“Qafqazinfo” xəbər verir ki, yeni sistemlə videonun ilk kadrının oynadılması artıq baxış kimi qeydə alınacaq.
Bu isə istifadəçilər videoya tam baxmasa belə, göstərilən baxış saylarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Platforma qısa və uzun videolardan podkastlara və canlı yayımlara qədər bütün formatlarda yeni “görüntü əsaslı model”ə keçəcək.
Yeni qaydalara əsasən, videonun ilk kadrı oynadılan kimi “görüntü” qeydə alınacaq. İstifadəçi sadəcə videonun üzərinə gəlsə və video avtomatik olaraq oynamağa başlasa belə, bu, baxış kimi hesablanacaq.
Dəyişiklik 24 avqustdan sonra yüklənən videolara şamil ediləcək. Platformada artıq mövcud olan videoların əvvəlki baxış sayı isə dəyişdirilməyəcək. Bundan sonra həmin videolara əlavə olunan baxışlar yeni qaydalar əsasında hesablanacaq.
Yutub bu dəyişikliklə platformadakı baxışların hesablanmasında daha çox ardıcıllıq yaratmaq istədiyini bildirir. Şirkətin sözlərinə görə, məqsəd izlənilən məzmunun baxış sayında əks olunmasını təmin etməkdir.
Ancaq yeni sistem məzmun yaradıcılarının gəlirlərinin avtomatik artacağı anlamına gəlmir. Yutub reklam gəlirlərinin hesablanması üçün ayrıca metrikdən istifadə etməyə davam edəcək. “Məşğul baxışlar” adlanan bu göstərici istifadəçinin videoya müəyyən müddət baxmasını nəzərə alır və əvvəlki baxış standartına daha yaxındır.
Yəni videoların altında görünən baxış sayları sürətlə artsa da, bu artım birbaşa reklam gəlirlərinə təsir etməyəcək.
Son xəbərlər
Son Xəbərlər