WUF13-ə hazırlıq prosesi üzrə brifinq keçirildi

wuf13-e-hazirliq-prosesi-uzre-brifinq-kecirildi
Oxunma sayı: 478

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülmüş işlərə dair media brifinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, brifinq iştirakçılarına sessiyaya hazırlıq prosesi çərçivəsində həyata keçirilən işlərə dair ən son məlumatlar, WUF13 saytı və mərkəzləşdirilmiş rezervasiya platforması təqdim olunub.

Brifinqdə WUF13-ün Milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək bildirib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi  və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması vahid strateji yanaşmanın tərkib hissəsidir. Bu təşəbbüslər ölkənin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, WUF13 “sadəcə bəyannamələr platforması deyil, mənzil təminatı və şəhər dayanıqlılığı sahəsində icra, tərəfdaşlıq və konkret addımlara yönəlmiş bir forum olacaq”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna toxunaraq bildirdi ki, tədbir çərçivəsində əsas diqqət təxminən 3 milyard nəfəri əhatə edən qlobal mənzil böhranına yönəldiləcək.

O, 2026-cı ilin qlobal şəhərsalma gündəliyi baxımından xüsusi əhəmiyyətini də qeyd etdi: “Bu il Ümumdünya Şəhərsalma Forumu sadəcə bir konfrans olmayacaq. Biz Yeni Şəhərsalma Gündəliyinin 10 illiyini qeyd etməklə yanaşı, DİM11-in dayanıqlı şəhərlər və icmalar üzrə irəliləyişini də nəzərdən keçirəcəyik. Bu, həyata keçirdiyimiz işlərin cari vəziyyətini qiymətləndirmək və gedişatı sürətləndirmək üçün imkan yaradacaq”.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın WUF13 kimi qlobal tədbirlərin təşkilatçılığı üzrə geniş işgüzar turizm təcrübəsinə malik olduğunu, turizm sənayesinin, o cümlədən hotellərin qonaqları qarşılamağa hazır olduğunu bildirib. O qeyd edib ki, yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması üzrə, eləcə də yerləşmə vasitələrindəki və müstəqil fəaliyyət göstərən iaşə obyektləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Kənan Quluzadə, həmçinin WUF13 çərçivəsində Agentlik tərəfindən “İrs məskənlərinin icmayönümlü turizm vasitəsilə transformasiyası” mövzusunda panel sessiyanın təşkili və sərgi zonasında milli turizm stendinin qurulması haqqında məlumat verib.

WUF13 tədbirinə hazırlıq çərçivəsində aparılan əsas əməliyyatları, eləcə də rəsmi məkan olan Bakı Olimpiya Stadionunda həyata keçirilən tikinti və quraşdırma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Media brifinqində rəsmi www.wuf13.az saytı təqdim edilib. Azərbaycan və ingilis dillərində hazırlanmış sayt 2026-cı ilin may ayında Bakıda keçiriləcək qlobal tədbirə qatılmaq istəyənlər üçün əsas bələdçi funksiyasını yerinə yetirəcək.

Sayt istifadəçilərə WUF13 tədbiri, viza prosedurları, yerləşmə və nəqliyyatla bağlı vacib logistika məlumatlarını əldə etmək imkanı yaradır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsini və şəhərsalma tarixini təqdim edən interaktiv rəqəmsal resurs rolunu oynayır. Ziyarətçilər “Tarixi izimiz” (Our Urban Trace) bölməsində ölkəmizin şəhərsalma tarixi tanış ola, “Azərbaycan xəzinələri” (Treasures of Azerbaijan) bölməsində isə Azərbaycanın memarlığı, milli mətbəxi və təbiəti haqqında ətraflı məlumat əldə edə bilərlər.

Məlumat verilib ki, internet səhifəsi istifadənin əlçatanlığı üçün inklüzivlik standartlarına əsaslanaraq həm ümumi, həm də fiziki məhdudiyyətli istifadəçilərimiz üçün xüsusi əlçatanlıq funksiyalarını özündə birləşdirir. Brifinq zamanı ölkəyə səfər edəcək tədbir iştirakçıları üçün müxtəlif qonaqlama imkanlarını təqdim edən WUF13-ün rəsmi mərkəzi rezervasiya platforması - https://accommodation.wuf13.az/ nümayiş olunub.

Platforma iştirakçılara əlavə xərc tələb etmədən səfərlərini asanlıqla planlaşdırmaq imkanı yaradır. Burada sabit qonaqlama qiymətləri, hava limanından qarşılama və yola salma xidmətləri, eləcə də gündəlik transferlərin təşkili təmin olunur. Mərkəzi rezervasiya platforması 1 ulduzlu hotellərdən 5 ulduzlu hotellərə və kirayə mənzillərə qədər hər büdcəyə uyğun geniş seçimlər təqdim edir. Hazırda platformada 60-dan çox hotel və qonaqlama məkanları mövcuddur.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə bağlı ətraflı məlumatı www.wuf13.az veb-səhifəsindən ala bilərsiniz.

Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılar bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edəcəklər.