“Konstitusiya sistemi tək hüquqi mexanizmlərlə deyil, eyni zamanda vətəndaşların dövlətçilik dəyərlərinə sadiqliyi və cəmiyyətin birliyi ilə möhkəmlənir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərinin rəhbər nümayəndələri ilə təşkil edilən görüşdə vurğulayıb.
“Balakhani Operating Company LTD”nin təşəbbüsü ilə təşkil edilən “Vətəndaşların konstitusion hüquq və vəzifələri” adlı müzakirə Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana ilk dəfə siyasi hakimiyyətə gəlməsinin ildönümünə həsr edilib.
Hüquqşünas qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən sonra, onun rəhbərliyi altında 1995-ci ildə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin əsas prinsiplərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasını hüquqi dövlət modelinin ayrılmaz hissəsinə çevirib.
ADA Universitetinin dekanı mühazirəsində xatırladıb ki, dövlət və xalq bir-birindən ayrı mövcud olan anlayışlar deyil. Dövlət xalqın iradəsini, milli maraqlarını və suverenliyini təcəssüm etdirir, xalq isə dövlətçiliyin əsas dayağı kimi onun davamlılığını təmin edir. Bu qarşılıqlı bağlılıq hüquqi dövlətin möhkəm təməllər üzərində inkişafını şərtləndirir.
Görüşdə Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi müəyyən edilmiş konstitusion əsasları ətrafında geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu prinsiplər ölkədə qanunun aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Rəşad İbadov hasilat şirkətlərinin əməkdaşlarının konstitusiya hüququ və vəzifələrinin peşəkar və fərdi mühitdə tətbiqi ilə bağlı sualları da cavablandırıb.
Qeyd edək ki, “Balakhani Operating Company LTD” və “ADA” Universiteti arasında ötən il imzalanan memoranduma əsasən hasilat şirkətinin əməkdaşlarının peşəkar inkişafını dəstəkləmək məqsədi ilə Universitetin mütəxəssislərinin iştirakı ilə mütəmadi görüşlər, təlimlər və mühazirələr keçirilir.



Son xəbərlər
Son Xəbərlər