“WUF13” ərəfəsində II Makeathon Nizami Festivalı keçirildi - Fotolar

wuf13-erefesinde-ii-makeathon-nizami-festivali-kecirildi
Oxunma sayı: 461

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş II Makeathon Nizami Festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon gənclərinin müasir texnoloji biliklərə sahib olması, robotiks və süni intellekt sahəsinə marağının artırılması, müasir şəhərsalma barədə ilkin bilik və bacarıqların formalaşdırılması məqsədilə təşkil olunan festivalda 32 komanda və 21 fərdi iş təqdim olunub, ümumilikdə 300 gənc təqdimatla çıxış ediblər.

Onların “Smart city” və “Sərbəst layihə” mövzularında işlərinə baxış keçirilib. Gənclər “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı ev”, “Rəqəmsal mənzil”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yağış sularının idarə olunması və səmərəli istifadəsi”, “Tarixi abidələrə perspektiv baxış”, “Bərpaolunan enerji və ekosistem” və başqa mövzularda layihələrini təqdim ediblər.

Eyni zamanda, festival çərçivəsində “Xəyalımdakı şəhər” mövzusunda rəsm müsabiqəsinə daxil olmuş 43 işə baxılıb, eləcə də 60 inşaya rəy bildirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə müasir, müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova və başqaları Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma ilə bağlı həyata keçirilən işlərdən, ölkəmizin timsalında müasir şəhərsalma nümunələrindən, WUF13-ün əhəmiyyətindən söz açıb, gənc nəslin müasir dövrün çağırışlarına uyğun yetişdirilməsi vəzifələrindən bəhs ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizdə may ayının 17-dən 22-dək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Qədim tarixə, zəngin mədəniyyətə və sürətlə inkişaf edən müasir şəhər həyatına malik olan Bakımızda “WUF13” tədbirinin keçirilməsi şəhərlərin gələcəyi naminə beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu bir daha göstərir. Bildirilib ki, bu gün texnologiya və innovasiya şəhər həyatını dəyişir. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji nəqliyyat və yaşıl məkanların artırılması şəhərlərin inkişafında əsas prioritetlərdən biridir. İnanırıq ki, “WUF13” çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqlara, uğurlu təşəbbüslərə və davamlı inkişaf naminə mühüm qərarlara töhfə verəcək.

Çıxışlardan sonra festivalda təqdim olunan işlərin qiymətləndilməsindən sonra qaliblərə mükafatlar, eyni zamanda, iştirakçılara müxtəlif nominasiyalar üzrə sertifikatlar və təşəkkürnamələr də təqdim edilib.

Festivala “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin kollektivinin konsert proqramı ilə yekun vurulub.