“2021-ci ildən Bakı Dövlət Sirkində pəhləvan kimi çalışırdım. Yeni il ərəfəsində heç bir səbəb göstərmədən, qanunsuz olaraq məni işdən çıxardılar”.
Bu şikayətlə “Qafqazinfo”ya Süleymanov Emin Elşənoviç müraciət edib.
O bildirib ki, işdən çıxarılması ilə bağlı əvvəlcədən məlumatlandırılmayıb: “Yeni ilə 2 gün qalmış məni işdən çıxardılar, “Yeni İl hədiyyəsi” elədilər. Düzdür, qanunla işçini işdən çıxara bilərlər, amma bir ay qabaqcadan ona deyilməlidir ki, özünə iş tapsın.
Çıxarılma səbəbini soruşdum, heç bir əsas gətirə bilmədilər, çünki heç bir səbəb yoxdur. Rəhbərlikdən xahiş etdim ki, borcum, kreditim var, kirayədə qalıram, amma məhəl qoymadılar. İndiyə qədər hara göndəriblərsə, bütün tədbirlərində iştirak etmişəm. Mən uşaqlıqdan məşq eləyirəm, idmançıyam, başqa işdə işləyə bilmirəm. Öz işimdə işləmək, bununla inkişaf etmək istəyirəm”.
Məsələ ilə bağlı Bakı Dövlət Sirkinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən şəxs sirkdə xidməti müqavilə ilə çalışıb və müqaviləsinin müddəti bitdiyinə görə işdən çıxıb: “Emin Süleymanovun xidməti müqaviləsinin vaxtı bitib. Ondan sonra həmin şəxslə əməkdaşlıq davam etdirilməyib”.
Gülnar Əliyeva