Dünyanın onkologiya ilə bağlı ən nüfuzlu tibb təşkilatlarından biri olan Amerika Klinik Onkoloqlar Cəmiyyəti (American Society of Clinical Oncology (ASCO)) hər il olduğu kimi, 2024-cü ildə də növbəti beynəlxalq konfrasını keçirir. Mayın 31-dən start verilən tədbir iyunun 4-dək davam edəcək. Dünyanın 40 mindən çox həkiminin qatıldığı mühüm beynəlxalq konfransda tanınmış azərbaycanlı həkimlər - mammoloq-radioloq Dr. Günel Qəmbərova və tibbi onkoloq Dr. Pərvanə Rüstəmova da iştirak edir.
Həkimlərimiz elə tədbirin keçirildiyi Çikaqo şəhərindən “Qafqazinfo”nun suallarını cavablandırıblar.
Qeyd edək ki, Dr. Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin Şüa-diaqnostika kadefrasının müəllimidir və Məlhəm Beynəlxalq Hospitalda çalışır. Dr. Pərvanə Rüstəmova isə Ege Hospitalda tibbi onkoloq kimi fəaliyyət göstərir.
Hər dəfə olduğu kimi, bu il də ASCO-nun keçirdiyi beynəlxalq konfrans böyük iştirakçı heyəti ilə dünya səhiyyəsinin diqqət mərkəzindədir. Tədbirin əhəmiyyəti ilə bağlı suallarımızı cavablandıran Dr. Günel Qəmbərova bildirdi ki, tibb hər gün inkişaf edən sahədir və peşəkar həkim üçün bu yenilikləri təqib etmək çox önəmlidir:
“Mən və həmkarım Pərvanə Rüstəmova çalışırıq ki, hər il onkologiya sahəsində keçirilən beynəlxalq konfranslara qatılaq. Çünki bu cür tədbirlər tibbi yeniliklərin öyrənilməsi, xarici mütəxəssislərlə təcrübə mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir. Onkoloji müalicələrin istiqamətinə yön verən bütün əhəmiyyətli elmi araşdırmaların nəticələri ilk olaraq burada açıqlanır və sonra dünya onkoloqları bu məlumatları əsas götürərək müalicə istiqamətini seçirlər. Bilirsiniz ki, hər il onkoloji xəstələrin sayı ölkəmizdə və dünyada artmaqdadır. Lakin tibb də inkişafını sürətlə yeniləyir. Onkoloji xəstəliklərin müayinə və müalicəsində əldə edilən nailiyyətlər də artmaqdadır. Biz həkim olaraq, dünya tibbində baş verən yenilikləri mənimsəyib öz ölkəmizdə tətbiq etməyi özümüzə borc bilirik”.
Konfransın əhəmiyyəti ilə bağlı Dr. Pərvanə Rüstəmova da fikirlərini bölüşdü. Həkim qeyd etdi ki, onkoloji xəstəliklərin müalicəsindəki yenilikləri təqib etmək bir onkoloq kimi hər zaman onun diqqətindədir:
“Dünyanın əsas tibb mərkəzlərində onkologiya ilə bağlı ciddi elmi araşdırmalar aparılır. Biz bu cür tədbirlərə qatılmaqla həmin elmi çalışmaların nəticələrini birbaşa bu işi görən mütəxəssislərin özlərindən dinləmək fürsəti qazanırıq. Həm onların nəticələrindən faydalanmaq, həm də ixtisasımıza uyğun yeniliklərlə tanış olmaq imkanı əldə edirik. Bu, bir həkim üçün çox önəmlidir. Çünki öyrəndiyimiz yenilikləri ölkəmizdə öz xəstələrimizə tətbiq edə, xərçəngin müalicəsində daha çox effekt ala bilirik. Bu baxımdan həkimlərin belə beynəlxalq konfranslara qatılmaq, xarici mütəxəssislərin məruzələrini dinləmək fəaliyyətimizə töhfə verir. Eyni zamanda bu, xarici həkimlər və klinikalar ilə əməkdaşlıq əlaqələri qurmaq üçün də bir fürsətdir”.
Dr. Günel Qəmbərova onu da bildirdi ki, budəfəki konfransda da tanış olduğu yeniliklər var:
“1.5 ay, 3 ay, 6 ay ömrü uzatmağı hədəfləyən yeni müalicələrlə tanış olduq. Hədəfə yönəlik müalicə ilə yaşam keyfiyyətinin yaxşılaşdırılması da əsas prioritet məsələlərdən biridir. Konfransın builki devizi məhz belədir: “The art and science of canser care: from comfort to cure!” Yəni “Xərçəng müalicəsinin incəsənəti: elm ilə rahatlıqdan sağlamlığa!” Məqsəd daha uyğun müalicə seçimləri ilə daha uzun yaşam əldə etməkdir.
Peşəkar bir radioloq bütün zəruri müayinələri aparır, sonda ikinci bir radioloqun də rəyini öyrənir, konsiliumla bir komanda şəklində xəstəyə proqnoz açıqlanır. Sıfırıncı mərhələdə aşkar edilən süd vəzi xərçənginin sağalmaq şansı çox yüksəkdir, bu xəstələr tamamilə sağalırlar”.
Son illər süd vəzi xərçənginin artdığını qeyd edən Dr. Pərvanə Rüstəmova hazırkı statistikaların heç də ürəkaçan olmadığını söylədi:
“Təəssüf ki, rəqəmlər məyusedicidir. Hətta 2030-cu ildə hər 4 qadından birində süd vəzi xərçəngi yaranacağı deyilir. 2040-cı ildə isə bütün dünyada 29 milyon onkoloji xəstə, 1.6 milyon xərçəng ölümü gözlənilir. Vahiməli rəqəm olsa da, unutmayaq ki, tibb də inkişaf edir. Süd vəzi xərçəngindən heç bir qadın sığortalanmayıb. Lakin xərçəngin ilkin mərhələdə aşkar edilməsi həyat qurtarır. Süd vəzi xərçəngi sıfırıncı mərhələdə tapılarsa, 97-98 faiz sağalmaq mümkündür. Önəmli olan məhz gecikməmək, vaxtında həkimə müraciət etməkdir.
ASCO-nun illik toplantısında həmçinin ağciyər, mədə-bağırsaq xərçəngi, leykozlar, melanoma və digər şişlərin də ən müasir müalicəsi, yeniliklər, xüsusən də immunoterapiya və target (hədəf) terapiya haqqında son nəticələr təqdim olundu.Təbii ki, tibbi onkoloq olaraq, süd vəzindən başqa yumurtalıq və digər solid şişlərin də müalicəsinə aid məlumatları izləmək həm çox maraqlı, həm də faydalıdır. Xüsusilə də IV mərhələ ağciyər və yoğun bağırsaq, ginekoloji metastatik xərçənglərin müalicəsində yeni ümidlər var və bu bizi çox sevindirir!”
“Süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması mammoqrafiya müayinəsi ilə mümkündür”. Bu sözləri isə mammoloq-radioloq Günel Qəmbərova dedi:
“Süd vəzi qadınların kabusuna çevrilsə də, bu xəstəlikdən xilas olmaq mümkündür. 40 yaşından yuxarı hər bir qadın ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməklə özünü onkoloji ölümdən xilas edə bilər. Təəssüflər olsun ki, xəstələr çox vaxt bizə gec müraciət edirlər. Ağır mərhələ olunca müasir tibdəki imkanları tətbiq edə bilmirik. Hər bir qadın kiminsə anası, qızı, həyat yoldaşı, bir yaxınıdır. Heç bir qadın süd vəzi xərçəngindən ölməsin! Biz həkimlər olaraq, məhz buna çalışırıq. İldə bir dəfə müayinə sizi süd vəzi xərçəngindən qoruyacaq. 10-15 dəqiqəlik mammoqrafiya həyat xilas edir! Çünki yalnız mammoqrafiya sayəsində xərçəngi sıfırıncı mərhələdə aşkar etmək mümkündür. Əziz xanımlar, özünüzə, öz sağlamlığınıza bu müayinəni hədiyyə edin! Çünki ağırlaşmış hallarda onkoloji xəstələri ölümdən xilas etmək mümkün olmur”.
Onkoloji xəstələrə peşəkar yanaşmanın əhəmiyyətini bildirən tibbi onkoloq Dr. Pərvanə Rüstəmova onu da əlavə etdi ki, önəmli olan mərhələnin düzgün təyini və ən effektiv müalicə üsulunun seçilməsidir:
“Dr. Günel Qəmbərova ilə hədəfimiz heç bir əlamət olmadan xəstələri müayinəyə cəlb etməkdir. Lakin bütün mərhələlərdə müalicə mümkündür, hətta metastaz baş vermiş olsa belə. Özəlliklə bütün çalışmalarda müalicənin yeni istiqaməti metastatik süd vəzi xərçəngi xəstələrinin yaşam müddətini (özəlliklə həyat keyfiyyətini pozmadan) uzatmaqdır əslində! Metastatik süd vəzi xərçəngində yeni hormonterapiya və immunoterapiya imkanlari, təzə dərmanlar var. Metastatik xəstələrin ömrünün uzadılması bu konfranslardakı prioritet mövzulardan biridir. Hər altqrup ayrı-ayrılıqda fərqli yaşam müddəti göstərsə də, ümumilikdə əvvəlki illərdən daha yaxşı nəticələr təqdim olundu!”
Son olaraq, hər iki həkimimizi belə bir mühüm beynəlxalq konfransa qatıldıqlarına görə təbrik edir, uğurlarının davamını arzulayırıq! Xüsusən də Azərbaycan qadınlarının sağlamlıqlarının keşiyində durduqları üçün də ayrıca təşəkkürümüz var.
Qeyd: Maraqlananlar Dr. Qəmbərova ilə 050-751-27-47 mobil nömrəsi vasitəsi və “gunelqemberova” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.
Dr. Pərvanə Rüstəmovaya isə 055-753-35-99 mobil nömrəsi və “onkoloq_pervane_rustemova” instaqram hesabı vasitəsilə müraciət edə bilərsiniz.







