Bu gün Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Şağan Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
Tədbir Dövlət Himni ilə başlanıb. Daha sonra torpaq uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xəzər RİH başçısı Elşən Salahov öz çıxışında 2 Fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmasından bəhs edən E.Salahov Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasını vurğulayıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, o cümlədən “Tokio-2020” Paraolimpiya Oyunlarının çempionları, qəbul imtahanlarda 650 baldan yuxarı yığan Prezident təqaüdçüləri, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.