Xəzər rayonunda Nizaminin 880 illiyinə həsr olunmuş tədbir - Fotolar

xezer-rayonunda-nizaminin-880-illiyine-hesr-olunmus-tedbir
Oxunma sayı: 959

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 18 dekabr 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zirə Eko Park”da musiqili bədii tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət Vəkili Soltan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə danışıb, “Nizami Gəncəvi İli” çərçivəsində ölkədə keçirilmiş tədbirlərdən söz açıb.

Sonra Xəzər Yazıçılar Birliyinin (XYB) sədri Arif Buzovnalı müasir dövrdə Nizami irsinin təbliğin vacibliyindən danışıb. Tədbirdə AYB üzvü şair Kamal Hüseynzadə və XYB üzvü şair Nicat Nəsri Nizami şeirlərinə yazdıqları nəzirələri səsləndiriblər.

Sonda Xəzər RİH-nin başçısı E.Salahov rayon ərazisində N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlərdən bəhs edib və rayonun mədəni həyatında fəal iştirak edən bir sıra mədəniyyət işçilərini Fəxri Fərmanlarla təltif edib.

Tədbir Xəzər rayon rəssamlarının və heykəltəraşlarının N.Gəncəvi yaradıcılığına həsr olunmuş əsərlərindən ibarət sərginin nümayişi ilə başa çatıb.